ELM VƏ TƏHSİL
I sinfə qəbul olanların 90%-i müsahibəyə cəlb olunmur
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirilməsi mövzusu müzakirə olunur. İddia olunur ki, gələcək birincilər şifahi nitq bacarıqları ilə bağlı imtahan verirlər.
Elm və Təhsil Nazirliyi bildirib ki, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir:
“Bir çox media orqanlarında 1-ci sinfə qəbulla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlanıb. Belə yazıların birində Şahlar Əsgərovun 1-ci siniflərə şagird qəbulu ilə bağlı fikirləri yer alıb. Yazıda qeyd edilənlərin əksinə olaraq öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir. Onu da bildirək ki, növbəti tədris ili üzrə 130 mindən çox uşağın 1-ci sinfə qəbulu proqnozlaşdırılır. Artıq 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə və müsahibəsiz 1-ci siniflərə yerləşdirilib. Bu sayın təxminən 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa 1-ci sinfə qəbul olunub”.
Nazirlikdən həmçinin bildirilib ki, bu proses sentyabrın 14-dək davam edəcək.
Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, tədris digər dillərdə olarsa, həmin məktəblərdə şifahi nitq bacarıqları yoxlanıla bilər: “Tədris digər dillərdə aparılan bölmələrə uşaq qəbulu zamanı onların şifahi nitq bacarıqlarının yoxlanılması ümumtəhsil haqqında qanunvericiliyin tələbidir. Həm də uşağın gələcəkdə bu dildə təhsil almağa hazır olub-olmamasını ayırd etməkdir. Bəzən valideynlər dili bilməyən övladlarını məktəbə yazarkən uşağın bu dili öyrənəcəyinə ümid bəsləyir. Tədqiqatlar göstərir ki, bu, tədris dilini bilməyən uşaqlar üçün ilk illərdə öyrənmə prosesində ciddi maneə yaradır, belə uşaqlar bir çox hallarda dərin psixoloji stres keçirirlər.
Həmin şagirdlər bir neçə il ərzində dili öyrənsələr də, fənlərin öyrənilməsində böyük çətinliklə qarşılaşırlar. Bu həm də digər bölmələrdə təhsil alan şagirdlərin ümumi nəticələrinin aşağı düşməsinə gətirib çıxarır. Bir daha qeyd edirik ki, məktəbi dil öyrənmək kursu ilə eyniləşdirmək düzgün yanaşma deyil”.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.
ELM VƏ TƏHSİL
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.
Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.
Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.
İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.