SİYASƏT
Karen Donfrid ABŞ tərəfinin hərbi əməliyyatların dərhal dayandırılacağını və atəşkəsə əməl olunacağını gözlədiyini bildirib
“ABŞ Azərbaycanla Ermənistan arasında artan gərginlikdən narahatdır”.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bunu Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.
Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində davam edən gərginlik barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb.
13 sentyabr tarixində əldə olunmuş atəşkəsə baxmayaraq, Ermənistan tərəfinin razılığı pozaraq mövqelərimizə hücum etməkdə davam etdiyi, hərbi qulluqçularımızın həlak olduğu vurğulanıb. Azərbaycanın yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq verdiyi və hərbi birləşmələrini hədəf aldığı qeyd edilib. Ermənistanın qeyd-şərt olmadan atəşkəsə əməl etməsinin, təxribatlardan çəkinməsinin və problemlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu bildirilib.
Karen Donfrid ABŞ tərəfinin hərbi əməliyyatların dərhal dayandırılacağını və atəşkəsə əməl olunacağını gözlədiyini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.