ŞƏKİ
Konstitusiya Məhkəməsi Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən ShekiMedia.az-a verilən məlumata görə, iclasda Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6-cı və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyekt Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq elmləri doktoru S.Əliyevin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu və 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib olunmadıqda və nəticədə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1-ci, 53-ci və 109.2-ci maddələrinə əsasən, iş üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci və ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul olunmuş inzibati cərimə növündə tənbeh tətbiqetmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiqetmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Digər xəbərlərə də bax
İDMAN
“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub
Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Şəkidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2024” turniri başa çatıb.
ShekiMedia.az xəbər verir ki, turnirdə 6 qrup və hər qrupda 4 komanda olmaqla ümumilikdə 24 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın finalında Şəki Şəhər İcra Hakimiyyətinin komandası Az-Trade MMC-nin komandasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdur. Üçüncü yerə Şəki Təhsil sektorunun, dördüncü yerə Şəki Penitensiar müəssisəsinin komandası çıxmışdır.
Turnirin bağlanış mərasimində çıxış edənlər Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, hazırda ölkəmizdə idmana olan qayğıdan bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq hər il keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılmasıdır.
Sonda qaliblər kubok, medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
MƏDƏNİYYƏT
Şəki Dövlət Dram Teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub
Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub.
ShekiMedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Bertolt Brextin bu əsəri Avropada baş verən Otuzillik müharibədən (1618-1648) bəhs etsə də, tamaşa müəllifin özünün də iştirakçısı olduğu Birinci Dünya müharibəsi və ondan sonrakı bütün müharibələr haqqındadır.
Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər.