MƏDƏNİYYƏT
Milli Muğam Müsabiqəsi başlayır
Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayır.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqə 2023-cü il aprelin 24-dən 27-dək baş tutacaq.
Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılacaq. Musiqi yarışmasında yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar iştirak edə bilər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi proqram barədə məlumat təqdim etməlidir. İştirak ərizələri elektron formatda office@spaceofmugam.az ünvanına göndərilməlidir. Ərizədə iştirakçının adı, soyadı, doğum tarixi, əlaqə nömrələri, elektron poçt ünvanı, yaradıcılığı və ifa edəcəyi proqram barədə məlumat, müşayiət edən heyət üzvlərinin adları qeyd olunmalıdır. Ətraflı məlumat üçün WhatsApp nömrələri: (070) 233 73 78, (070) 663 80 80.
Müsabiqə ilkin seçim və iki əsas turdan ibarət olacaq. Yarışmaya vəsiqə qazanan iştirakçılar aprelin 20-də elan ediləcək. Yarışmanın 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-27-si keçiriləcək.
Aprelin 27-də xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
MƏDƏNİYYƏT
Şəki Dövlət Dram Teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub
Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub.
ShekiMedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Bertolt Brextin bu əsəri Avropada baş verən Otuzillik müharibədən (1618-1648) bəhs etsə də, tamaşa müəllifin özünün də iştirakçısı olduğu Birinci Dünya müharibəsi və ondan sonrakı bütün müharibələr haqqındadır.
Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər.
MANŞET
“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də davam edib.
Festival Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood” və Mərakeşdən “Tizwit” qruplarının konserti ilə başlayıb.
Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də həm də “Qarabağnamə” adlı sərgi açılıb. Yaradıcılıq Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş etdirilib.
Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı – Aboubakar Silla (Qvineya), Abbos Kosimov (Özbəkistan) və “Natiq” ritm qrupunun (Azərbaycan) konsertləri ilə yekunlaşıb.
Festival bu gün Laçında konsert proqramları ilə başa çatacaq.