MƏDƏNİYYƏT
Azərbaycanın görkəmli aktrisası Nəsibə Zeynalovanın anım günüdür
Bu gün Azərbaycanın görkəmli aktrisası, Xalq artisti Nəsibə Zeynalovanın anım günüdür.
Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda tacir ailəsində anadan olub. Atası Kərbəlayı Cahangir, tanınmış tacir və eyni zamanda aktyor olub. Azərbaycan milli realist aktyor məktəbinin banisi də məhz Cahangir Zeynalov hesab edilir.
O arzu edirmiş ki, övladı da onun peşəsini davam etdirsin. Elə də olur, lakin o, arzusunun yerinə yetdiyini görə bilməyib.
1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra dünyasını dəyişib. Atası öləndə Nəsibə Zeynalovanın cəmi iki yaşı olub. Atasını erkən yaşda itirən sevilən aktrisamız onun son arzusunu yerinə yetirmək üçün qarşısına məqsəd qoyub. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb.
Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.
Bütün həyatını Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Nəsibə Zeynalova Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.
Onu xalqa daha çox sevdirən əvəzolunmaz obrazlarından biri, bəlkə də birincisi heç şübhəsiz Cənnət xala obrazı idi.
Bundan başqa Nargilə, Züleyxa rollarını da zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasına qatıb. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.
Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1967-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
17 mart 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
MƏDƏNİYYƏT
Şəki Dövlət Dram Teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub
Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub.
ShekiMedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Bertolt Brextin bu əsəri Avropada baş verən Otuzillik müharibədən (1618-1648) bəhs etsə də, tamaşa müəllifin özünün də iştirakçısı olduğu Birinci Dünya müharibəsi və ondan sonrakı bütün müharibələr haqqındadır.
Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər.
MANŞET
“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də davam edib.
Festival Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood” və Mərakeşdən “Tizwit” qruplarının konserti ilə başlayıb.
Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də həm də “Qarabağnamə” adlı sərgi açılıb. Yaradıcılıq Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş etdirilib.
Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı – Aboubakar Silla (Qvineya), Abbos Kosimov (Özbəkistan) və “Natiq” ritm qrupunun (Azərbaycan) konsertləri ilə yekunlaşıb.
Festival bu gün Laçında konsert proqramları ilə başa çatacaq.