SİYASƏT
Sahibə Qafarova Daşkənddə Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Ölkəmizin bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən spiker Sahibə Qafarova İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolunu yüksək qiymətləndirib.
Ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarda fəal təmsilçiliyi və təşəbbüskarlığı haqqında danışan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təklifini irəli sürüb və 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub. Sahibə Qafarova Parlament Şəbəkəsinin təsis iclasında iştirakına və Bakıda keçirilən birinci konfransa müraciətinə görə Duarte Paçekoya təşəkkürünü bildirib.
Spiker xatırladıb ki, bu ilin 30 iyun-1 iyul tarixlərində isə Azərbaycanın paytaxtı Bakı şəhərində 40 ölkədən və 8 beynəlxalq parlament təşkilatından parlament nümayəndə heyətlərinin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk konfransı keçirilib. Sahibə Qafarova diqqətə çatdırıb ki, konfransın yekununda qəbul olunan Bakı Bəyannaməsi ümumi mövqeyimizi və baxışlarımızı əks etdirməklə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O deyib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə töhfə verməyə, digər parlament təşkilatları, o cümlədən Parlamentlərarası İttifaqla hamını narahat edən məsələlərin həllində birgə işləməyə hazırdır.
Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko təmsil etdiyi qurumla Azərbaycanın bu təşkilatın fəal üzvlərindən biri olmasından məmnunluğunu qeyd edərək, Azərbaycanın İPU-nun üzvü kimi əhəmiyyətli rolunu vurğulayıb. O, Parlamentlərarası İttifaqın qarşıdakı dövrdə fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
O, həmçinin əvvəlki dövrlərdə ölkəmizdə səfərdə olduğunu, Azərbaycan xalqının multikultural dəyərlərinin onda böyük təəssürat yaratdığını qeyd edib.
Duarte Paçeko müasir dövrdə parlament diplomatiyasının, qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini bildirərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə Parlamentlərarası İttifaqla Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi arasında əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.