MƏDƏNİYYƏT
Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyi qeyd olunub
Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin fəaliyyətə başlamasından 85 il ötür.
Özünə məxsus musiqi ənənələri ilə seçilən bu təhsil ocağının 85 illiyi münasibətilə Şəki Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəbin yetirmələri və musiqisevərlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində məktəbin müəllim və şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Yubiley tədbirinin əvvəlində Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 85 ildə keçdiyi yola qısa nəzər salınıb, qazanılan nailiyyətlərdən danışılıb, məktəbin tarixini və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Diqqətə çatdırılıb ki, məktəb 1938-ci ildə fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə məktəbin minlərlə məzunu olub. Hazırda onların əksəriyyəti Şəkidə, həmçinin respublikamızın digər şəhər və rayonlarında musiqi müəllimi, xoreoqraf, rəssam, ifaçı kimi fəaliyyət göstərirlər. Məktəbin məzunları arasında onlarla tanınmış musiqiçinin adına rast gəlmək olar.
Hazırda məktəbdə fortepiano, tar, kamança, skripka, qarmon, nağara, xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə 407 şagird təhsil alır. Məktəbin şagirdləri, musiqi və rəqs kollektivləri respublika səviyyəli müsabiqə və festivallarda həmişə uğurlu çıxışları ilə fərqlənib, mükafata layiq görülüblər. Məktəbin direktoru Eldar Rəcəbovun rəhbərlik etdiyi “Zirvə” instrumental ansamblı öz dəsti-xətti ilə seçilir və respublikamızın tanınmış musiqi kollektivlərindən biri hesab olunur.
Yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyinin qeyd edilməsinin Şəkinin mədəni həyatında olduqca əlamətdar hadisə olduğunu bildirib, kollektivə gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıb.
Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin rəis əvəzi Nargilə Qafarova çıxış edərək kollektivi 85 illik yubileyi münasibəti ilə təbrik etmiş və uğurlar arzulamışdır.
Sonra Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin musiqi və rəqs kollektivləri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda 85 illik yubileyi ilə əlaqədar gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə Şəki şəhər Uşaq İncəsənət məktəbinə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilib.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
MƏDƏNİYYƏT
Şəki Dövlət Dram Teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub
Şəki Dövlət Dram Teatrında görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış olub.
ShekiMedia.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Mustafa Mustafayev, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir.
Bertolt Brextin bu əsəri Avropada baş verən Otuzillik müharibədən (1618-1648) bəhs etsə də, tamaşa müəllifin özünün də iştirakçısı olduğu Birinci Dünya müharibəsi və ondan sonrakı bütün müharibələr haqqındadır.
Pyesin əsas qəhrəmanı Kuraj ana müharibə zamanı övladlarını itirsə də, həyata olan baxışını dəyişmir. Bütün müharibələrdə itkilər olmasına rəğmən, əsərdə Kuraj ananın simasında insanlığın mahiyyəti, müharibədə qazananların əsl siması əks olunur.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Lalə Məmməd, Arzu Mustafayeva, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Nərmin Abbasova, Aytac İsmayılzadə, Pərviz İsmayılov, Xəyal Salahov, İlkin Rüstəmov və başqaları ifa ediblər.
MANŞET
“Xarıbülbül” festivalında “Qarabağnamə” adlı sərgi açılıb
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 12-də davam edib.
Festival Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood” və Mərakeşdən “Tizwit” qruplarının konserti ilə başlayıb.
Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.
“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 12-də həm də “Qarabağnamə” adlı sərgi açılıb. Yaradıcılıq Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş etdirilib.
Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı – Aboubakar Silla (Qvineya), Abbos Kosimov (Özbəkistan) və “Natiq” ritm qrupunun (Azərbaycan) konsertləri ilə yekunlaşıb.
Festival bu gün Laçında konsert proqramları ilə başa çatacaq.