Balakəndə selin fəsadları aradan qaldırılır, çay məcralarında intensiv iş aparılır

Balakəndə selin fəsadları aradan qaldırılır, çay məcralarında intensiv iş aparılır

Bir müddət öncə Balakən rayonu ərazisinə yağan güclü leysan yağışları nəticəsində bəzi dağ çayları məcrasından çıxaraq ətraf ərazilərə ziyan vurub. Nəticədə selin gətirdiyi qum, çınqıl və ağac qırıntıları çayların məcrasını dolduraraq ötürmə qabiliyyətini aşağı salıb. Bu zaman isə sel suları kənd ərazilərini və təsərrüfatları basıb, çay məcralarında şişmələr baş verib, dambalar dağılıb.

 ShekiMedia.az xəbər verir ki, dərhal çay məcralarına Balakən Suvarma Sistemləri İdarəsi tərəfindən baxış keçirilib və idarənin texnikaları selin ziyan vurduğu ərazilərə cəlb olunub. Təxirəsalınmaz işlər nəticəsində təhlükənin qarşısı alınıb və bu gün də buldozer və ekskovatorlarla dağ çaylarında müəyyən işlər görülür. İdarənin mühafizə tədbirləri planına uyğun olaraq bu il Katex çayının sağ sahilində, Katex kəndinin mühafizəsi üçün yeni 100 poqonometr daş-beton bəndin tikilməsi nəzərdə tutulur. Bu bənd ətraf əraziləri sel təhlükəsindən qoruyacaq.

Balakən Suvarma Sistemləri İdarəsi rayon ərazisində il ərzində sahil bərkitmə işləri ilə paralel olaraq suvarma suyunun əkin sahələrinə itkisiz çatdırılması üçün işlərini də davam etdirib. Bu il rayonda suvarma mövsümü müvəffəqiyyətlə yekunlaşıb. Torpaq məcralı kanalların lildən təmizlənməsi və beton üzlüyə alınması prosesi isə davam edir. Rayonda suvarma, əsasən öz axını ilə həyata keçirilir. Suvarma dağ çaylarından gələn suların, o cümlədən subartezian və artezian quyuları hesabına aparılır.

Balakən sıx çay şəbəkələrinə malik olan bölgələrimizdən biridir. Burada Mazımçay, Katexçay, Balakənçay, Dəliçay, Humbulçay, İnterçay və digər dağ çayları var. Balakən Suvarma Sistemləri İdarəsi mövsümlə əlaqədar olaraq bütün çaylarda məcra təmizləmə və sahil bərkitmə işlərini gücləndirib.

Qeyd edək ki, idarənin balansında 21814 poqonometr uzunluqda bəndlər mövcuddur. Bu bəndlərin 4400 poqonometri panel, 16021 poqonometri daş-beton, 1156 poqonometri daşla tökmə, 237 poqonometri isə qabion bəndlər təşkil edir.

BALAKƏN CƏMİYYƏT