Qəbələnin Mıxlıqovaq kəndində şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi tikilib

Qəbələnin Mıxlıqovaq kəndində şəhidlərin xatirəsinə abidə-bulaq kompleksi tikilib

Qəbələ rayonunun Mıxlıqovaq kəndində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub. Kompleksdə 2020-ci ilin iyul döyüşləri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Mıxlıqovaq kəndinin qəhrəman oğullarının xatirə lövhələri yerləşdirilib.

Bu barədə Shekimedia.az-a Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşlarının, şəhidlərin ailə üzvlərinin, təhsil aldıqları məktəblərin kollektivlərinin qatıldığı tədbirdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

CƏMİYYƏT MANŞET QƏBƏLƏ