SİYASƏT
Əlaqələndirmə Qərargahının Laçın şəhərində növbəti iclası keçirildi – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iyunun 9-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın Laçın şəhərində növbəti iclası keçirilib.
“Report” xəbər verir ki, iclası giriş sözü ilə açan Samir Nuriyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində dövlətimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, müstəqilliyimizin möhkəmləndirildiyini, ölkəmizin ardıcıl inkişaf yoluna qədəm qoyduğunu bildirib. Samir Nuriyev vurğulayıb ki, Ulu Öndər bütün qüvvəsini və xalqımızın potensialını vahid amal – torpaqlarımızın işğaldan azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün səfərbər etdi. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş və prinsipial siyasəti nəticəsində Azərbaycanın sürətli və hərtərəfli inkişafı təmin olundu, Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyuldu və ərazi bütövlüyümüz bərpa edildi. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, artıq məcburi köçkünlər doğma yurdlarına qayıtmağa başlayıblar.
Əlaqələndirmə Qərargahının rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin may ayı ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edərək bir çox yaşayış məntəqələrinin təməllərini qoyduğunu, infrastruktur və digər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdiyini, yenidənqurma və tikinti işləri ilə yerlərdə tanış olduğunu və müvafiq tapşırıqlar verdiyini bildirib. Qeyd edilib ki, çoxşaxəli və irimiqyaslı layihələrin reallaşdırılması dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı müəyyən etdiyi sistemli, ardıcıl yol xəritəsinə və strateji xəttə uyğun şəkildə, sürətlə icra olunmaqdadır. Həyata keçirilən layihələr çərçivəsində işlərin miqyası genişləndiyinə görə, yerlərdə işin planlı və əlaqəli şəkildə aparılması, o cümlədən bütün aidiyyəti qurumların sıx əməkdaşlıq mühitində fəaliyyətinin təmin edilməsi, habelə vaxt və keyfiyyət amillərinin uzlaşdırılması məsələlərinə diqqətin artırılması zəruridir.
Sonra Azərbaycan Respublikasının Prezidentinin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı verdiyi tapşırıqların icrası istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2023-cü il ərzində icrası davam etdirilən və həyata keçirilməsi nəzərdə tutulan işlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri iclasın gündəliyinə daxil olan məsələlərin yerlərdə əlaqələndirilməsi, müvafiq ərazilər üzrə görülən işlərin icra dinamikası və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
İclasda Azərbaycan Prezidenti tərəfindən Qərargah qarşında qoyulmuş vəzifələrin tam şəkildə icrası və müəyyən edilmiş strateji xəttə uyğun həlli məsələləri müzakirə olunub.
Daha sonra Qərargahın üzvləri Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlər, Heydər Əliyev küçəsinin yenidənqurma konsepti ilə tanış olub, 1 Dekabr küçəsində yaşayış məhəlləsinə baxış keçiriblər. Onlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı”nda aparılan işlərlə bağlı məlumat verilib.
Qərargahın üzvləri Laçın rayonunun Zabux kəndinə səfər edərək, burada zəruri infrastrukturun yaradılması və kəndə qayıdacaq əhalinin rahat həyat şəraitinin təmin edilməsi istiqamətində aparılan genişmiqyaslı işlərlə tanış olublar.
Səfərin yekununda Samir Nuriyev qarşıda duran məsələlərin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün aidiyyəti orqanların rəhbərlərinə zəruri tapşırıqları çatdırıb.
Digər xəbərlərə də bax
MANŞET
XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb.
XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:
“4 aprel tarixi Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə ciddi şəkildə mübarizənin vacib olduğunu vurğulayır.
Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.
44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.
İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.
Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.
4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırır”.
SİYASƏT
“Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən verilən məlumata görə, sənəd poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tutur. Nəticədə MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq.
Belə ki, “Azərpoçt”un ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə MDM müştəriləri yerindəcə maliyyə əməliyyatlarını apara biləcəklər. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.
SİYASƏT
Ceyhun Bayramov konqolu həmkarını COP29-a hazırlıq barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Konqonun xarici işlər naziri Jan-Klod Qakosso ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
XİN başçıları COP29-a hazırlıq barədə də danışıblar.