İDMAN
Güləşçilərimiz AÇ-yə 1 qızıl, 2 gümüş, 1 bürünc medalla başlayıb – FOTOLAR
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı (AÇ) start götürüb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.
Martda 60 kq-da U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. Əliyev sırayla ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türkiyəli Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyükhesablı qələbə qazanıb. Elmir finalda ukraynalı Marko Voloşinə də tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.
Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb – 5:8. Rəqib finaladək irəlilədiyi üçün milli üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mustafayev çexiyalı Matous Yankeviçi mübarizədən kənarlaşdırıb – 3:0. Fəraim türkiyəli Furkan Erkenə də 13:10 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.
Etibar Rzayev (87 kq) ilk mərhələdə finlandiyalı Elias Liiskiyə 2:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rumıniyalı Patrik Qordanla bacarmayıb – 2:9.
Davud Məmmədov (77 kq) 1/8 finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb – 7:1. Məmmədov növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub – 4:2. Davud yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveyə 5:7 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.
Mübarizəyə 1/4 finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabıyla geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək yekunda 8:7 hesablı qələbə qazanıb. Məzaim finalda macarıstanlı Laşlo Darabosla bacarmayıb (0:9) və Avropa ikincisi olub.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb
Azərbaycanın daha bir ağırlıqqaldıranı Ömər Cavadov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.
O, toplam 328 kq (153+175) nəticə göstərib. Cavadovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. İsa Rüstəmov (73 kq) D qrupunda 320 kq-ın (145+175) öhdəsindən gəlib.
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib
Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı D qrupunda qüvvəsini sınayıb.
O, toplam 320 kq (145+175) nəticə göstərib. Rüstəmovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub.
İDMAN
“Neftçi” “Spartak”la oyundan əvvəl azarkeşlərə müraciət edib
“Neftçi” Bakıda Rusiyanın “Spartak” komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçından əvvəl azarkeşlərə müraciət edib.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, qonaq komandanın fanatları üçün “Neftçi Arena”da xüsusi sektor olacaq.
“Həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, – deyə Bakı klubu bildirib.
Qeyd edək ki, martın 23-də reallaşacaq “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.