SİYASƏT
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib
Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə qeyd edib.
Onun sözlərinə görə, min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirib: “Qurani-Kərimdə bu dirçəlişin ilahi mənası: “Allah göydən rəhmət yağışı göndərir, Yer üzünü yenidən dirildir” – şəklində açıqlanır. Novruzda savaşlar dayanıb, küsülülər barışıb, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşüblər. Builki Novruz bayramı həm də islam dünyası üçün əziz olan on bir ayın sultanı Ramazanın gəlişi ilə üst-üstə düşdüyündən daha da dəyərli və əlamətdardır. Azərbaycan xalqı bu mübarək ayı Vətən müharibəsində əldə etdiyi şanlı zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu – müqəddəs bayrağın Xankəndidə dalğalanması qüruru ilə qarşılayır”.
QMİ sədri xatırladıb ki, bu il yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək: “İl Əjdaha bürcü üstündə təhvil olacaq, bayram axşamı martın 19-da, mübarək Novruz bayramı isə martın 20-də qeyd ediləcək. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram. Allahdan diləyim budur ki, öz böyük mərhəmət və kəramətini xalqımızın üzərində bərqərar etsin, dövlət rəhbərimizi böyük zəfərlərlə mükafatlandırsın, bayrağımızı hər zaman uca məqamlara qaldırsın, ordumuzu daima güclü və müzəffər etsin! Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun!”
Digər xəbərlərə də bax
SİYASƏT
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edib.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər barəsində də danışıqlar aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin bərpasından bəri UNESCO ilə yaxından əməkdaşlıq edərək, təhsil, mədəni irs nümunələrinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələrdə Təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb. Bu il artıq 6-cı dəfə keçirilən Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində tərəfdaşlığın öz növbəsində Azərbaycan və UNESCO əməkdaşlığının davamlılığının bariz nümunəsi olduğu bildirilib.
UNESCO tərəfi Azərbaycanla mədəniyyətlər arasında dialoq, gender bərabərliyi, gənclərlə iş, habelə süni zəka kimi müasir texnologiyalardan istifadə sahəsində etika məsələləri kimi əməkdaşlıq imkanlarının olduğunu bildirib. Nazir Ceyhun Bayramov ölkəmizdə qeyd edilən istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə kimi kompleks yanaşma tələb edən sahədə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın təşviqinə istiqamətləndiyini diqqətə çatdırıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdədir.
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
SİYASƏT
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.