İDMAN
Atıcılıq üzrə “Dünya Kuboku 2023″ün son günü: bugünkü qalib medalını anasına həsr edib
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” sona çatıb.
Bu gün 2 növdə mükafatçılar bəlli olub.
Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi keçirilib.
Bu finalda 6 idmançı yarışıb. Almaniyalı Florian Peter 27 xalla üçüncü yeri tutub. Gümüş medalı Fransa təmsilçisi Klemen Besua 32 xalla əldə edib. Yarışın qalibi isə Çin idmançısı Yu Heng Li olub. 33 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub.
Təqdimat mərasimindən sonra qaliblər jurnalistlərə müsahibə veriblər. Fransalı Klemen Besua Azərbaycanda atıcılıqla bağlı bütün beynəlxalq yarışlarda iştirak etdiyini bildirib və oyunlarda yaradılmış şəraitə görə təşəkkür edib.
Çinli qalib Yu Heng Li 7 il əvvəl Bakı Atıcılıq Mərkəzində olduğunu bildirib. “Təltifetmə mərasimindən sonra könüllülərdən və qonaqlardan özümə qarşı xüsusi sevgi gördüm. Yaxınlaşıb şəkil çəkdirir, təbrik edirdilər. Düşünmürəm ki, bu, Olimpiadada iki dəfə bürünc medal aldığıma görədir. Bu gün Analar Günüdür. Aldığım qızıl medalı anama həsr edirəm”, – çinli atıcı belə deyib.
Kubokun son yarışı qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş üzrə olub. Almaniyalı Liza Müller 448.9 xalla bürünc medala layiq görülüb. Norveç komandasının üzvü Canett Heqq Duestad 463.6 xalla gümüş medal qazanıb. Böyük Britaniyalı Şona Makintoş isə 467 xalla Bakıda keçirilən Dünya Kuboku 2023”ün son qızıl medalçısı olub.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb
Azərbaycanın daha bir ağırlıqqaldıranı Ömər Cavadov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.
O, toplam 328 kq (153+175) nəticə göstərib. Cavadovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. İsa Rüstəmov (73 kq) D qrupunda 320 kq-ın (145+175) öhdəsindən gəlib.
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib
Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı D qrupunda qüvvəsini sınayıb.
O, toplam 320 kq (145+175) nəticə göstərib. Rüstəmovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub.
İDMAN
“Neftçi” “Spartak”la oyundan əvvəl azarkeşlərə müraciət edib
“Neftçi” Bakıda Rusiyanın “Spartak” komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçından əvvəl azarkeşlərə müraciət edib.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, qonaq komandanın fanatları üçün “Neftçi Arena”da xüsusi sektor olacaq.
“Həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, – deyə Bakı klubu bildirib.
Qeyd edək ki, martın 23-də reallaşacaq “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.