MANŞET
Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 mart tarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.
Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat yaradılmasıdır.
Azərbaycan AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyasını yerinə yetirməkdədir.
AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbəredici prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Müşavirənin 2022-ci ildə keçirilmiş Astana Sammitində AQEM-in tamhüquqlu regional beynəlxalq təşkilata transformasiyası ilə bağlı prosesə start verən “AQEM-in Transformasiyasına dair Astana Bəyanatı” qəbul edilib.
Hazırda təşkilatın 28 üzvü vardır. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər.
AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən və Müşavirənin gündəlik fəaliyyətini əlaqələndirən Katiblikdir. AQEM-in fəaliyyətinin istiqamətləndirilməsi və prioritetlərinin müəyyənləşdirilməsi sədr ölkə tərəfindən həyata keçirilir.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək
Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək.
Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir.
Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 07.04.2024
Aprelin 7-də Azərbaycanda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Bu barədə ShekiMedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Aprelin 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
CƏMİYYƏT
Kəlbəcərdə zəlzələ olub
Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.2 olub.
Yeraltı təkanın dərinliyi 10 kilometrdir.