İDMAN
Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib, yeni vitse-prezident seçilib
Azərbaycan Boks Federasiyasının (ABF) ümumi yığıncağı keçirilib.
ABF-dən verilən məlumata görə, toplantıda gənclər və idman naziri Fərid Qayıbov və ABF-nin prezidenti Sahil Babayev iştirak ediblər.
Sahil Babayev Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanının böyük qələbələrə imza atdığını vurğulayıb. O, boksçularımızın da daim yeni nailiyyətlər əldə etmək, xüsusilə beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmək əzmində olduğunu vurğulayıb, əldə olunan nailiyyətləri diqqətə çatdırıb.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan boksunun uğurlar seriyasının yüksələn xətlə davam etdiyini vurğulayıb. O, boksumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinin, boks klublarının sayının artmasının, bölgələrdə bu idman növünün geniş yayılması üçün aparılan işlərin önəmini qeyd edib. Paris-2024 Yay Olimpiya Oyunlarında da boksçularımızın parlaq qələbələrə imza atacaqlarına və bu yarışda iştirak üçün lisenziyaların sayının artacağına əminliyini bildirib.
ABF-nin Nizamnaməsi yeni redaksiyada təsdiq edilib. Həmçinin səsvermə əsasında Vasif Sultan oğlu İsmayılov Federasiyanın yeni vitse-prezidenti seçilib. 1972-ci ildə doğulan V.İsmayılov iş adamı kimi və uzun illər diaspora sahəsində fəaliyyət göstərir.
İclasda 2023-cü ilin yekunları, federasiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri, hakimlərin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.
Qeyd olunub ki, Azərbaycan boksçuları 2022-ci ildə rəsmi və beynəlxalq yarışlarda 30 qızıl medal qazanıbsa, ötən il 35 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmə boksçularımızın uğurları da artıb. Onlar ötən il 7 beynəlxalq yarışda 60 mükafat qazanıblar. Avropa birinciliyinə qatılan məktəbli boksçuların nailiyyətləri də əlavə olunmaqla, medal sayı 64 olub.
Ötən il Azərbaycan boksu üçün uğurlu olub. Boksçularımız rəsmi və beynəlxalq yarışlarda 2022-ci ildə 77 medal qazanıblarsa, 2023-cü ildə bundan 2,3 dəfə çox olmaqla 179 medal əldə ediblər.
Beləliklə, boks üzrə yeniyetmələrdən ibarət yığma 2022-ci illə müqayisədə ötən il 3,3 dəfə çox medal əldə edib. Gənc boksçularımızın medal sayı isə 3,2 dəfə artaraq əvvəlki ilə nisbətən 16-dan 2023-cü ildə 51-ə yüksəlib.
Bu il 100 illik yubileyini qeyd edən Azərbaycan boksu üçün əsas hədəf “Olimpiya qızılına doğru” devizi ilə yollanacağı Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal əldə etməkdir.
İclasda boksumuzun yeni qələbələr əldə etməsi üçün görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb
Azərbaycanın daha bir ağırlıqqaldıranı Ömər Cavadov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.
O, toplam 328 kq (153+175) nəticə göstərib. Cavadovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. İsa Rüstəmov (73 kq) D qrupunda 320 kq-ın (145+175) öhdəsindən gəlib.
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib
Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı D qrupunda qüvvəsini sınayıb.
O, toplam 320 kq (145+175) nəticə göstərib. Rüstəmovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub.
İDMAN
“Neftçi” “Spartak”la oyundan əvvəl azarkeşlərə müraciət edib
“Neftçi” Bakıda Rusiyanın “Spartak” komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçından əvvəl azarkeşlərə müraciət edib.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, qonaq komandanın fanatları üçün “Neftçi Arena”da xüsusi sektor olacaq.
“Həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, – deyə Bakı klubu bildirib.
Qeyd edək ki, martın 23-də reallaşacaq “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.