RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti ÜST-nin Baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.
Tedros Adhanom Qebreyesus İlham Əliyevi Prezident seçkilərində qələbə və COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbrik edib.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Görüşdə XI Qlobal Bakı Forumunun əhəmiyyəti qeyd edilib, Tedros Adhanom Qebreyesusun bu tədbirdə iştirakının önəmi vurğulanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq aləmdə nüfuzunun artdığı bildirilib və bu forumda xeyli sayda qonağın iştirakı bunun yaxşı göstəricisi kimi dəyərləndirilib.
Qonaq Ümumdünya Səhiyyə Təşkilatı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıqdan məmnunluğunu bildirərək bu mərkəzin onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdi və Mərkəzin İdarə Heyətinin üzvləri ilə mütəmadi olaraq görüşlər keçirdiyini qeyd edib.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq statuslu qeyri-hökumət təşkilatı olaraq müstəqil şəkildə fəaliyyət göstərdiyini və ölkəmizin də bu təşkilatın işinə dəstək verdiyini vurğulayıb. Dövlətimizin başçısı hər il Bakının ev sahibliyi ilə keçirilən Qlobal Forumun beynəlxalq gündəlikdə duran məsələlərinin müzakirəsi və onların həlli yollarının tapılması baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edib.
Ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının təqdirəlayiq olduğunu deyən Tedros Adhanom Qebreyesus Azərbaycanda yaradılan icbari tibbi sığorta sisteminin müsbət proses olduğunu və onun yaxşı nəticələrinin artıq özünü göstərdiyini deyib.
Görüşdə COP çərçivəsində Azərbaycan ilə ÜST arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqlim dəyişmələrinin dünyada müxtəlif növ xəstəliklərin yayılmasına rəvac verdiyini və bilavasitə səhiyyə ilə bağlı olduğunu vurğulayan Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru bu sahədə də Azərbaycan ilə əməkdaşlıq məsələlərinə toxunub.
Digər xəbərlərə də bax
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.
Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin iki ölkə arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
RƏSMİ XRONİKA
Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
RƏSMİ XRONİKA
Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın üzvləri siyahısından Fikrət Məmmədov çıxarılıb. Həmin siyahıya ədliyyə naziri Fərid Əhmədov əlavə olunub.