SİYASƏT
Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivləri, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər müzakirə olunub.
C.Bayramov ölkəmiz üçün əhəmiyyət kəsb edən bir sıra, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, infrastruktur kimi istiqamətlər üzrə uğurla icra olunan, habelə davam etdirilən layihələrin əməkdaşlığın inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib. Dünya Bankı çərçivəsində əməkdaşlığın öz növbəsində ölkəmizin digər regional və beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrini genişləndirməsinə təkan verdiyi diqqətə çatdırılıb.
COP29-a sədrliyimiz çərçivəsində aparılan substantiv danışıqlar prosesi, habelə 29-cu sessiyaya hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir sədrliyimizin əsasən qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə maliyyə resursları və investisiyaların cəlbinə vurğu etdiyini söyləyib. Bu istiqamətdə dövlətlərlə yanaşı, beynəlxalq maliyyə institutlarının prosesə mümkün töhfəsinin müəyyən edilməsi istiqamətində təmasların aparılması baxımından Dünya Bankının mühüm platforma rolu oynaya biləcəyi qeyd olunub.
Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, görülən işlərin eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsinin alternativ enerji potensialından səmərəli istifadəyə yönəldiyini, bu istiqamətdə müvafiq layihələrə artıq bir sıra xarici tərəfdaşların cəlb olunduğunu diqqətə çatdırıb.
Müqabil tərəf Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edərək, ölkəmizin uğurlu sədrlik təcrübəsi nümayiş etdirəcəyinə, habelə sədrlik prioritetlərinə müvafiq olaraq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndiriləcəyinə dair inam ifadə edib. Xüsusilə, COP29 çərçivəsində müəyyənləşəcək qlobal öhdəliklərin öz praktiki icrasını tapması istiqamətində addımlar atılmasının vacibliyi qeyd olunub, Dünya Bankının bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə hazır olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlərə də bax
SİYASƏT
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edib.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər barəsində də danışıqlar aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin bərpasından bəri UNESCO ilə yaxından əməkdaşlıq edərək, təhsil, mədəni irs nümunələrinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələrdə Təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb. Bu il artıq 6-cı dəfə keçirilən Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində tərəfdaşlığın öz növbəsində Azərbaycan və UNESCO əməkdaşlığının davamlılığının bariz nümunəsi olduğu bildirilib.
UNESCO tərəfi Azərbaycanla mədəniyyətlər arasında dialoq, gender bərabərliyi, gənclərlə iş, habelə süni zəka kimi müasir texnologiyalardan istifadə sahəsində etika məsələləri kimi əməkdaşlıq imkanlarının olduğunu bildirib. Nazir Ceyhun Bayramov ölkəmizdə qeyd edilən istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə kimi kompleks yanaşma tələb edən sahədə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın təşviqinə istiqamətləndiyini diqqətə çatdırıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdədir.
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
SİYASƏT
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.