REGİON
Azərbaycan və Rusiya “Sərhəd-sipər” əməliyyatı keçirirlər
Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində “Sərhəd-sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər başlayıb.
Əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparılır.
Aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.
“Sərhəd-sipər” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər bir həftə davam edəcək.
Digər xəbərlərə də bax
ŞƏKİ
Şəkidə 25 aprel – Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 25 aprel-Sahibkarlar gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyi, sahibkarlar, investorlar, dövlət qurumlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə hazırladığı “25 aprel-Sahibkarlar günüdür” adlı qısa film nümayiş etdirilib.
Rayonda fəaliyyət göstərən bütün sahibkarları “Sahibkarlar günü” münasibətilə təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdiyini bildirib.
İcra başçısı qeyd edib ki, Şəki rayonunun iqtisadi inkişafının təmin olunması, burada biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunda xüsusi çəkiyə malik olan kənd təsərrüfatı və turizmin inkişaf etdirilməsi məqsədilə lazımi şərait yaradılmaqla rayona investorlar cəlb olunur. Özəl investisiyanın rayona cəlb olunması müxtəlif sahələrin inkişaf etdirilməsi ilə yanaşı əhalinin məşğulluğunun təmin edilməsi baxımından da mühüm rol oynayır.
Rayonda böyük investisiya layihələri çərçivəsində müasir texnologiya əsasında istehsal və emal müəssisələri yaradılıb, kommunikasiya xidmətləri gücləndirilib, sürətli internet avadanlıqları quraşdırılıb, turizm obyektləri və yeni çoxmərtəbəli yaşayış binalarının tikintisinə başlanılıb.
Tədbirdə həmçinin Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev, “Kapital Bank” ASC-nin Şəki rayon filialının müdiri Səbuhi Muxtarov və Şəki-Zaqatala Məşğulluq Filialının direktoru çıxış ediblər.
Eyni zamanda tədbirdə Şəki rayonu ərazisində səmərəli fəaliyyət göstərən bir sıra sahibkarlar 25 aprel – “Sahibkarlar günü” münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
ŞƏKİ
Şəkidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Aprelin 23-də Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki “ASAN xidmət” mərkəzinin rəhbərliyinin, könüllülərin iştirak etdiyi aksiyada Şəki Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə çoxlu sayda həmişəyaşıl ağaclar əkilib.
Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
ŞƏKİ
Şəkidə 16 yaşlı qız itkin düşüb
Şəki rayonunda 16 yaşlı qız itkin düşüb.
“Report”un məlumatına görə, 2008-ci il təvəllüdlü Aysel Vaqif qızı Mustafayeva aprelin 4-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.