SİYASƏT
Azərbaycanın Baş prokuroru Türkiyədə işgüzar səfərdədir
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının 1-ci Pan-Avropa Regional konfransında iştirak etmək məqsədilə İstanbul şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Azərbaycanın Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Ümumilikdə 32 dövlətin baş prokurorunun və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi konfransı açıq elan edən Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzu edib.
Bekir Şahin Assosiasiyanın 1-ci Pan-Avropa Konfransına hazırlıq çərçivəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Azərbaycanın Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev tədbir iştirakçılarını salamlayaraq, qeyd olunan konfransın qardaş ölkədə və Türkiyənin yaranmasının 100 illik yubileyi ilində keçirilməsindən məmnunluq hiss etdiyini, tarixən xalqlarımız arasında qardaşlıq əlaqələrinin olmasını və bu əlaqələrin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Prezident İlham Əliyevin “bir yumruq” kəlamları ilə ifadə edildiyini, hər iki dövlətin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın sarsılmaz səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulayıb.
Həmçinin ənənəvi olaraq Azərbaycan Baş Prokurorluğu ilə Beynəlxalq Prokurorlar Assosiasiyası arasında əməkdaşlığın uğurla davam etdirilməsini qeyd edən Baş prokuror, tədbirin dünya prokurorlarının peşəkar əlaqələrinin inkişaf etməsinə və cinayətkarlığın müasir təzahürləri ilə mübarizədə beynəlxalq təcrübənin formalaşmasına xidmət etdiyini bildirib.
Konfransın “Rəqəmsallaşma dövründə iqtisadi cinayətlərlə mübarizə” mövzusuna həsr edilmiş plenar sessiyasına sədrlik edən Kamran Əliyev çıxışında tədbirin keçirilməsinin müasir dövrün tələbləri baxımından zəruriliyini qeyd edib.
Plenar sessiyada Birləşmiş Krallıq, ABŞ, Almaniya və Avstriyadan olan nüfuzlu hüquqşünaslar təqdimatlar edərək cinayətkarların kriptovalyutalardan və digər müasir alətlərdən istifadəsi, həmçinin törədilmiş cinayətlərin qarşısının alınması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Həmçinin tədbirdə Baş prokurorun böyük köməkçisi İlqar Səfərov rəqəmsal sübutların toplanması zamanı baş verən qanunsuzluqlar və onların qarşısının alınması yolları barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Nümayəndə heyətinin səfəri davam edir.
Digər xəbərlərə də bax
SİYASƏT
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edib.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər barəsində də danışıqlar aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin bərpasından bəri UNESCO ilə yaxından əməkdaşlıq edərək, təhsil, mədəni irs nümunələrinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələrdə Təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb. Bu il artıq 6-cı dəfə keçirilən Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində tərəfdaşlığın öz növbəsində Azərbaycan və UNESCO əməkdaşlığının davamlılığının bariz nümunəsi olduğu bildirilib.
UNESCO tərəfi Azərbaycanla mədəniyyətlər arasında dialoq, gender bərabərliyi, gənclərlə iş, habelə süni zəka kimi müasir texnologiyalardan istifadə sahəsində etika məsələləri kimi əməkdaşlıq imkanlarının olduğunu bildirib. Nazir Ceyhun Bayramov ölkəmizdə qeyd edilən istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə kimi kompleks yanaşma tələb edən sahədə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın təşviqinə istiqamətləndiyini diqqətə çatdırıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdədir.
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
SİYASƏT
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.