SƏHİYYƏ
Azərbaycanın səhiyyə naziri Kubanın Baş naziri ilə görüşüb, əməkdaşlığı müzakirə edib
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Kubanın Baş naziri Manuel Marrero Kruz ilə görüşüb, əməkdaşlığı müzakirə edib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, T.Musayevin başçılıq etdiyi nümayəndə heyəti Kubada işgüzar səfərdədir. Kubanın Baş naziri Manuel Marrero Kruz səhiyyə nazirini qəbul edib. Görüşdə Kubanın Baş naziri Azərbaycan və Kubanın tarixi milli liderləri arasındakı münasibətlərin xalqlar arasındakı əlaqələrin səviyyəsinə əhəmiyyətli təsirini qeyd edib və bundan məmnunluğunu bildirib.
Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatının beynəlxalq arenadakı nüfuzunun yüksəldiyini və aparıcı siyasi qüvvəyə malik təşkilata çevrildiyini xüsusilə vurğulayıb. Manuel Marrero Kruz son dövrlər ölkələr arasındakı təmasların artdığını və müxtəlif sahələrdə birgə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd edib.
T.Musayev bu səfərin ölkə rəhbərləri arasındakı münasibətlərin məntiqi nəticəsi olduğunu qeyd edib.
Digər xəbərlərə də bax
MANŞET
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq. Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.
Bildirilib ki, Bakı şəhərində təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.
Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günləridir.
MANŞET
Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edib
Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən daxil olan müraciətdə bildirilib ki, yaz mövsümi ilə əlaqədar insanların immun sistemində müəyyən təbii dəyişikllikər baş verir.
Qeyd olunub ki, infeksiyaların yayılması insanların yoluxmasına və xəstələnmə hallarına səbəb olur: “İlk növbədə hava-damcı yolu ilə yayılan qrip və digər respirator virus infeksiyalarına yoluxma hallarına daha çox rast gəlinir. Hərarəti yüksək olan, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri, yəni asqıraq, öskürək, burunaxma və ya buruntutulması, boğaz ağrısı müşahidə edilənlər təmasda olduğu digər şəxsləri yoluxdurmamaq üçün gigiyenik vasitələrdən istifadə etməlidirlər”.
Nazirlik qarşıdan gələn Novruz Bayramı ilə əlaqədar qeyri-iş və istirahət günlərində əhalinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, ümumi gigiyena tələbləri, habelə digər profilaktik qaydalara riayət olunmasını tövsiyə edib: “Eyni zamanda ilin bu mövsümündə orqanizmin immun sisteminin gücləndirilməsi məqdəsilə gündəlik qidalanma rejiminə vitamin və minerallarla zəngin məhsulların daxil edilməsi vacibdir. Unutmayaq ki, sağlamlığımız öz əlimizdədir. Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafdakıları infeksiyalara yoluxmadan qorumalıdır”.
MANŞET
Son bir ayda Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb
Son bir ayda (1 fevral-29 fevral) Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 514 yoluxma faktı qeydə alınıb, 513 nəfər müalicə olunaraq sağalıb, analiz nəticələri müsbət çıxan 28 nəfər həyatını itirib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ShekiMedia.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 835 min 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 824 min 602 nəfər müalicə olunaraq sağalıb, 10 min 428 nəfər vəfat edib. Aktiv xəstə sayı 114 nəfərdir.
Son bir ayda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 457, bu günə qədər isə ümumilikdə 7 milyon 762 min 507 test icra olunub.