BALAKƏN
Balakəndə REYD: Narkotikin təsiri altında maşın idarə edən sürücülər saxlandılar – FOTOLAR
Balakəndə sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən 80 sürücü müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində profilaktiki tədbir keçirilib.
Tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Həmçinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avtomobili narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan idarə edən, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, təhlükəsizlik kəmərindən istifadə etməyən intizamsız sürücülər də aşkar olunub. Cari il ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında avtomobil idarə edən ümumilikdə 80 sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də inzibati protokollar tərtib edilib.
Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Digər xəbərlərə də bax
BALAKƏN
Balakəndə kömür sexində yanğın baş verib
Balakən şəhərinin 28 May küçəsində ümumi sahəsi 1200 kvadratmetr olan kömür istehsalı sexində yanğın olub.
Hadisə gecə saat 3 radələrində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Hadisə nəticəsində sexin dam örtüyünün 100 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.
Sexin qalan hissəsi, kömür istehsal edən dörd ədəd texniki avadanlıq və sexdə olan digər əşyalar yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
BALAKƏN
Balakəndə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib – FOTOLAR
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə martın 19-da rayon Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
ShekiMedia.az xəbər verir ki, tədbir Mədəniyyət Mərkəzinin qarşısındakı tonqalın alovlandırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları mərkəzin foyesində Novruz atributlarından ibarət sərgi ilə tanış olublar.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Rayon rəhbəri bildirib ki, son dörd ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.
BALAKƏN
Balakəndə “Əsgərə məktub” kampaniyası başladılıb
Balakən rayon təhsil sektorunun təşəbbüsü ilə “Əsgərə məktub” kampaniyası başladılıb.
ShekiMedia.az xəbər verir ki, kampaniyada 700-dən çox məktəbli, habelə təhsil işçiləri və şəhid ailələri iştirak edib.
Qeyd edək ki, kampaniya çərçivəsində yazılan məktublar işğaldan azad olunan ərazilərdə xidmət edən əsgərlərimizə çatdırılmaq üçün Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarına təhvil verilib.