SİYASƏT
Baş Prokurorluqda Gömrük Komitəsinin işçiləri üçün təlimlər keçirilib
Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə cari ilin sentyabr ayının 15-16-da gömrük orqanları tərəfindən aşkar edilən hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadə qaydalarının izahı, bu sahədə vahid təcrübənin və vərdişlərin formalaşdırılması mövzusunda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşlarının iştirakı ilə Elm-Tədris Mərkəzində təlimlər keçirilib.
Bu barədə hər iki dövlət qurumunun birgə məlumatında qeyd edilib.
Bildirilib ki, əvvəl tədbirdə Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qazilərə şəfa dilənilib.
Həmin təlimlərə dinləyici qismində Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin, Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin, Bakı Baş Gömrük İdarəsinin, Sumqayıt Baş Gömrük İdarəsinin, eləcə də Şimal, Cənub və Qərb Ərazi Baş Gömrük İdarələrinin 45 əməkdaşı cəlb edilib.
Təlimçi qismində Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin peşəkar işçiləri ilə yanaşı, Dövlət Gömrük Komitəsi Akademiyasının “Hüquq və humanitar fənləri” kafedrasının baş müəllimi də iştirak edib.
Tədbir çərçivəsində müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə etməklə foto və videoçəkilişin aparılma qaydasını və taktikasını, əldə edilmiş dəlillərdən istifadə metodikasını əks etdirən nəzəri və praktiki məşğələlər tədris edilib, dinləyicilər Baş Prokurorluğun inzibati binalar kompleksinin funksional imkanları və texniki təchizatı ilə tanış olublar.
Təlimlərin yekunu üzrə müzakirələr zamanı dinləyicilər tədris edilən mövzulardan və keçirilən praktiki məşğələlərdən razılıqlarını ifadə ediblər.
Digər xəbərlərə də bax
MANŞET
XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb.
XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:
“4 aprel tarixi Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə ciddi şəkildə mübarizənin vacib olduğunu vurğulayır.
Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.
44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.
İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.
Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.
4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırır”.
SİYASƏT
“Azərpoçt”la Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən verilən məlumata görə, sənəd poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tutur. Nəticədə MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq.
Belə ki, “Azərpoçt”un ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə MDM müştəriləri yerindəcə maliyyə əməliyyatlarını apara biləcəklər. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.
SİYASƏT
Ceyhun Bayramov konqolu həmkarını COP29-a hazırlıq barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Konqonun xarici işlər naziri Jan-Klod Qakosso ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər beynəlxalq platformalar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
XİN başçıları COP29-a hazırlıq barədə də danışıblar.