İDMAN
Cüdo üzrə uşaqlar üçün kəmər dərəcələri üzrə imtahan keçirilib
Cüdo üzrə uşaqlar üçün təlim-məşq mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, 250-dən çox idmançı müvafiq yaş uyğunluğuna əsasən imtahan verib.
Cüdoçulara müvafiq kəmər və sertifikat təqdim edilib.
ACF-nin idman direktoru Kamran Talıbov sayca 4-cü belə tədbirin keçirildiyini bildirib: “Bundan əvvəl Bakı, Gəncə və Sabirabad şəhərlərində kəmər dərəcələri üzrə imtahanlar təşkil olunub. Bundan sonra da il ərzində müxtəlif rayon və şəhərlərdə keçirilməsi planlaşdırılır. Bu gün ümumilikdə 250-dən çox idmançı müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. Əsas məqsəd uşaqların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bu fəndlər, gələcək yarış və turnirlərdə onlara çox kömək edəcək.”
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb
Azərbaycanın daha bir ağırlıqqaldıranı Ömər Cavadov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.
O, toplam 328 kq (153+175) nəticə göstərib. Cavadovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. İsa Rüstəmov (73 kq) D qrupunda 320 kq-ın (145+175) öhdəsindən gəlib.
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib
Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı D qrupunda qüvvəsini sınayıb.
O, toplam 320 kq (145+175) nəticə göstərib. Rüstəmovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub.
İDMAN
“Neftçi” “Spartak”la oyundan əvvəl azarkeşlərə müraciət edib
“Neftçi” Bakıda Rusiyanın “Spartak” komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçından əvvəl azarkeşlərə müraciət edib.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, qonaq komandanın fanatları üçün “Neftçi Arena”da xüsusi sektor olacaq.
“Həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, – deyə Bakı klubu bildirib.
Qeyd edək ki, martın 23-də reallaşacaq “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.