MANŞET
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib, azad edilən ərazilərdə şəhərsalma fəaliyyəti müzakirə olunub
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
Qərargahın rəhbəri Samir Nuriyev iclası açaraq, fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərində Azərbaycan xalqının öz güclü liderinə olan inamını və etimadını, dövlətimizin başçısının ölkəmizin inkişafı yolunda həyata keçirdiyi qətiyyətli siyasətə dəstəyini bir daha ifadə etdiyini diqqətə çatdırıb.
O qeyd edib ki, builki seçkilərin əsas xüsusiyyəti və önəmi ondadır ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq xalqımız ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş qalib ölkənin vətəndaşları olaraq seçkidə iştirak ediblər. Budəfəki seçkinin ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və işğaldan azad edilmiş digər yerlərdə keçirilməsinin hər bir azərbaycanlı üçün tarixi və qürurverici hadisə olduğu vurğulanıb.
İşğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq ötən dövr ərzində genişmiqyaslı yenidənqurma və bərpa tədbirlərinin görüldüyü, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı istiqamətində işlərin planlı və əlaqələndirilmiş şəkildə davam etdirildiyi Qərargahın rəhbəri tərəfindən qeyd olunub.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma fəaliyyəti, o cümlədən şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması, bərpası, nəqliyyat infrastrukturunun yaradılması, rabitə xidmətinin təşkili, eyni zamanda, azad edilmiş ərazilərin iqtisadi dayanıqlığının təmini, əhalinin məskunlaşması və məşğulluq məsələləri ilə bağlı görülən işlər üzrə məruzələr dinlənilib.
Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş müvafiq əraziləri üzrə xüsusi nümayəndəliklərinin yerlərdəki fəaliyyəti çərçivəsində görülən işlər və 2024-cü ildə qarşıda duran planlar barədə xüsusi nümayəndələr tərəfindən məlumatlar verilib.
Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq keyfiyyətli, operativ, kompleks yanaşma tətbiq etməklə əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.
İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər müəyyən edilib və müvafiq tapşırıqlar verilib.
Digər xəbərlərə də bax
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
CƏMİYYƏT
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.