MƏDƏNİYYƏT
Görkəmli aktyor İsmayıl Dağıstanlının doğum günüdür – FOTO
Bu gün görkəmli aktyor İsmayıl Dağıstanlının doğum günüdür.
Bənzərsiz yaradıcılığı ilə özündən sonrakı aktyor nəsillərinə örnək olan, intəhasız zəhməti ilə sənətin uca zirvələrinə yüksələn sənətkarlarımızdan biri də Xalq artisti İsmayıl Dağıstanlı olub.
Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli sənətkar İsmayıl Dağıstanlı sənətin, səhnənin ona ehtiyacı olduğu, ən gərəkli, lazımlı vaxtlarda səhnəyə çıxıb. Məsləyinə sarılaraq müxtəlif xarakterli rolları maraqlı, koloritli təqdim etməklə çoxsaylı tamaşaçı auditoriyasının diqqətini çəkib, sevgisini qazanıb.
1907-ci il yanvarın 6-da Qax rayonunun Zərnə kəndində dünyaya gələn İsmayıl Dağıstanlı teatr fəaliyyətinə 1925-ci ildə Şəki mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb.
1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Həmçinin 1927-ci ildən təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-1937) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).
1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda özünəməxsus tərzdə və orijinal üslubda maraqlı obrazlar qalereyası yaradıb.
Müasirləri, görkəmli sənət adamları onun yaradıcılığını, aktyorluq qüdrətini yüksək qiymətləndiriblər. Tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanov İ.Dağıstanlı haqqında söz düşəndə deyərmiş: “İsmayıl Dağıstanlı Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlib”.
U.Şekspirin “Otello”, A.N.Ostrovskinin “Tufan”, A.P.Çexovun “Vanya dayı”, C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.Vurğunun “Vaqif”, “Xanlar” və s. tamaşalarda ifa etdiyi baş rollar İ.Dağıstanlının geniş diapazonlu aktyor olduğunu göstərib.
Akademik Dram Teatrının aparıcı aktyorlarından olan sənətkar geniş potensiala və sənət duyumuna görə kinorejissorların diqqətini çəkib, müxtəlif janrlı 10-a yaxın filmdə yaddaqalımlı ekran obrazları yaradıb.
Kinoda görkəmli kinorejissorlardan Hüseyn Seyidzadə, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov və digər sənətkarlarla işləyən aktyor yaradıcılıq qismətinə düşən rollarını dolğun və inandırıcı oynamağa müvəffəq olub.
Kinoda debüt (Səbuhi) rolunu “Səbuhi” filmində ifa edən İsmayıl Dağıstanlı Azərbaycan maarifçisi, dramaturqu, filosofu Mirzə Fətəli Axundzadənin prototipini özünəməxsus ifa və jestlərlə yaradıb. Dövrünün qabaqcıl ideyaları uğrunda mübariz kimi çıxış edən mütəfəkkirin həyat mövqeyini, düşüncələrini inandırıcı göstərməyə nail olub.
Filmdə Mirzə Fətəli Axundzadə dövrünün reallıqları fonunda xalqını kədərdən, bədbinliklərdən, əsarət içində yaşamaqdan qurtarmağa çalışan, bu yolda bilik və bacarığını əsirgəməyən mübariz ədibin nigarançılığını, ictimai mövqeyini, ədəbi və ictimai fəaliyyətini izləyirik. Obrazın təfsirində yaxın keçmişin tarixi gerçəkliklərini görür, məzlumların kədərli həyat hekayələrini müşahidə edirik.
İstedadlı aktyorun “Koroğlu” tarixi-bioqrafik filmində oynadığı vəzir surəti də orijinal üslub tərzinə görə maraqlı və baxımlıdır. Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən bəhs edən filmdə vəzir obrazının təfsirində dövrünün insanlarını əsarət altında saxlayan zülmkar vəzirin insanlara yaşatdığı faciələrin şahidinə çevrilir, feodal-cəmiyyət münasibətlərini, haqsızlıqların sonsuzluğunu görürük.
Ümumiyyətlə hər bir yaradıcılığı ilə peşə bilicisi kimi tanınan İsmayıl Dağıstanlının fərdi yaradıcılığı orijinal zəmin üzərində yaranmış, özünəməxsus tərz və üslubda inkişaf etmişdir. Aktyorun digər ekran rolları, o cümlədən “Böyük dayaq” sosial dramındakı Kərəmoğlu, “Kölgələr sürünür” dram-macəra filmindəki Zahidov, “Qara daşlar” dram-macəra filmindəki Aslanov və digər rolları ekran əsərlərinin ideya-məzmununun tamamlanmasına, filmlərin maraqla izlənməsinə təkan verib.
Ömrünün 50 ildən çoxunu sənətə həsr edən, sənəti daim uca tutan aktyor bir neçə müddət pedaqoji fəaliyyət göstərib, Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Həmçinin o, bir neçə aktyor və teatr haqqında kitabların müəllifidir.
Görkəmli sənətkar sənətdə qazandığı uğurlarına görə 1940-cı ildə respublikanın Əməkdar artisti, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Xalq yazıçısı Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesi əsasında hazırlanan tamaşadakı Kirov roluna görə Stalin mükafatı (1948), Xalq yazıçısı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy roluna görə isə Dövlət mükafatı ilə təltif olunub (1972).
İsmayıl Dağıstanlı 1980-ci il aprelin birində vəfat edib.
Digər xəbərlərə də bax
MANŞET
Kembric Universitetində Novruz Bayramına həsr edilmiş tədbir keçirilib
Dünyanın aparıcı ali təhsil ocaqlarından olan Kembric Universitetinin Müqəddəs İsa Kolecinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Forumu tərəfindən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin diplomatları, universitetin professor-müəllim heyəti, region üzrə ixtisaslaşan tələbələr və KİV nümayəndələrinin iştirakı ilə Novruz bayramına həsr edilmiş geniş tədbir keçirilib.
Azərbaycanın Britaniyadakı Səfirliyindən verilən məlumata görə, tədbirdə Özbəkistan və Qırğızıstanın Birləşmiş Krallıqdakı səfirləri, eləcə də Qazaxıstan səfirliyinin müşaviri iştirak etdi. Azərbaycan səfirliyini müşavir Rəşad Vahabzadə təmsil edib.
İlk öncə diplomatların və alimlərin iştirakı ilə regionda baş verən müsbət dəyişikliklər haqda dəyirmi masa keçirilib. Müvafiq ölkələrin nümayəndələri çıxış edərək ölkələri haqda ətraflı məlumatlar təqdim edib. R.Vahabzadə Prezident İlham Əliyevin regionda formalaşdırdığı sülh gündəmi və türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqət göstərməsi, bu əməkdaşlığın prioritet daşıması haqda söz açdı, COP-29-un Azərbaycanda keçirilməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər, ölkəmizin regionda bağlantılığın inkişafına töhfəsi, yaşıl enerjiyə keçid və s. barədə məlumat verib.
Çıxış və təqdimatlardan sonra Kembric Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə geniş fikir mübadiləsi keçirilib, auditoriyanın çoxsaylı suallarına cavablar verilib.
Bundan sonra region ölkələrinin sənət ustalarının iştirakı ilə geniş konsert keçirilib. Konsertdə istedadlı rəqqasə Səkinə Muxtarlının ifasında Azərbaycan milli rəqsləri təqdim edilib.
Tanınmış tarzən Babək Atəş “Qarabağ şikəstəsini” və daha sonra ona qoşulmuş qardaş Özbəkistanı təmsil edən musiqiçilər Xurşidbek və Dostonjon ilə məşhur “Sarı gəlin”i birgə ifa ediblər. Tədbir konsert proqramı ilə sona çatıb.
MƏDƏNİYYƏT
Novruz bayramı Şəkidə böyük coşqu ilə qeyd edilib
Şəkililər qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər.
Baharın gəlişi münasibətilə martın 21-də Şəki şəhərinin qədim tarixi hissəsi – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində bayram tədbirləri təşkil olunub.
XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın daxilində, Rəsm Qalereyasının yerləşdiyi qədim tarixi binanın həyətində təşkil edilən bayram tədbirinin iştirakçıları əvvəlcə yerli sənətkarların əl işlərindən ibarət sərgilərə baxıb, milli mətbəx nümunələri ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən, xalqın inamından, etiqadından yaranan və günümüzə qədər qorunub saxlanılan Novruz yurdumuza qədəm qoyur. Qırx dörd günlük Vətən müharibəsində “Dəmir yumruq” ətrafında birləşərək öz əzm və iradəsini göstərən qəhrəman xalqımız bu gün Novruz bayramını bütöv Azərbaycanın hər bir guşəsində Qələbə ruhu ilə qeyd edir.
Şəhər rəhbərliyinin, sakinlərin, şəhərin qonaqlarının iştirak etdiyi bayram tədbirində musiqi və rəqs kollektivləri, zurnaçalanlar və nağaraçalanlar ansamblları maraqlı konsert proqramı ilə çıxış ediblər. Kəndirbazların, pəhləvanların çıxışları bayram tədbirinə xüsusi ovqat qatıb.
Axşam saatlarında “Qala divarları”nın qarşısındakı meydanda bayram korserti təşkil olunub. Tanınmış sənət adamlarının, ifaçıların çıxışları və maraqlı rəqs nömrələri tamaşaçılara xoş anlar yaşadıb. Bahar qızı şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş ediblər.
Konsert proqramı başa çatdıqdan sonra bayram tonqalı alovlandırılıb, şənlik iştirakçıları tonqalın ətrafında rəqs ediblər.
MƏDƏNİYYƏT
Şəkidə Novruz bayramı münasibətilə konsert proqramı təşkil edilib – FOTOLAR
Martın 21-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə Şəki Qala divarları içərisində Novruz bayramı münasibətilə konsert proqramı təşkil edilib.
Mədəniyyət işçilərinin hazırladığı konsert proqramında musiqi nömrələri ifa olunub, rəqslər nümayiş olunub və Novruzun simaları olan Bahar qız , Kosa, Keçəl öz kompazisiyasıları ilə tamaşaçılara xoş anlar bəxş ediblər.