QAX
“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib – FOTOLAR
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində, 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 noyabr 2023-cü il tarixdə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin,idarə, müəssisə və təşkilatların nümayəndələri, hüquqşünaslar, ziyalılar, gənclər iştirak edib.
Dəyirmi masa iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, sərhədlərimizin toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan Qax RİH başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi yer tuturdu. Ümummilli Lider Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlardan olması ilə fərqlənir. Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir.
Sonra dəyirmi masada “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda məruzə edən Qax RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Dəyanət Əminov qeyd edib ki, ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Bu il 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xüsusi qeyd olunur. Ümummilli Liderimiz, müdrik siyasətçi və böyük vətənpərvər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən əsas amil olmuşdur. Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratmışdır.
Tədbirdə digər çıxış edənlər zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət modelini yaratmaq istiqamətində apardığı uğurlu siyasətdən və çoxsaylı islahatlardan söz açıblar.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Qaxda Aşağı Malax-Qaşqaçay-Armudlu yolu yenidən qurulub – FOTOLAR
Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan və uzunluğu 12,5 km olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir.
Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası yerinə yetirilib, yolboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Layihə üzrə yolun Qaşqaçay hissəsində 830 və 150 metr uzunluğa malik iki köhnə arx qazılaraq, yenidən tikilib. Uzunluğu 830 metr olan arxın ətrafına 640 p/m səki daşı düzülüb, 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.
Tikinti çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsü inşa olunub.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
QAX
Qaxda birmərtəbəli ev yanıb
Qax rayonunun Qum kəndində yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Qum kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
QAX
Qaxda “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub – FOTO
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunublar.
ShekiMedia.az xəbər verir ki, təltif olunanlar siyahısında Qax rayon Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov və rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın sədri Nizami Abdullayevin də adları var.
Bununla əlaqədar olaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi baş tutub.
Tədbirdə çıxış edən RİH başçısı Musa Şəkiliyev müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunanları təbrik edib.
Çıxış edən natiqlər çıxışlarında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər.
Daha sonra Musa Şəkiliyev tərəfindən Eldəniz Şabanova və Nizami Abdullayevə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları təqdim olunub.
Təltif olunanlar da öz növbələrində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə göstərilən diqqətə və ali mükafata görə təşəkkürünü ifadə ediblər.