MANŞET
İlham Əliyev “Sarıqışlaq” SES-də tikinti işlərinin gedişi ilə tanış olub – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərenerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında orta illik elektrik enerjisi istehsalı 26,7 milyon kilovat-saat nəzərdə tutulur.
Qeyd olundu ki, yeni stansiya binasının tikintisi, perimetr boyu hasarlama işləri yekunlaşıb. Maşın zalı, aqreqatlar, generatorlar, idarəetmə panelləri, rele mühafizəsi, avtomatika və idarəetmə panellərində məsafədən idarəetmə kompüterlərinin quraşdırılması üzrə işlər icra edilir. Həmçinin “Şayıflı” Kiçik Su Elektrik Stansiyasından çıxan suyun “Sarıqışlaq” SES-ə ötürülməsi məqsədilə nəzərdə tutulmuş derivasiya borusunun çəkilməsi üzrə işlər davam edir. Derivasiya tipli su elektrik stansiyasının suqəbuledicisi ilə stansiyaarası məsafə 5239 metrdir. “Sarıqışlaq” SES-in turbinlərindən keçən suyun heç bir itki olmadan “Zəngilan” KSES-ə ötürülməsi istiqamətində işlər davam etdirilir.
Bu stansiyada 110 kilovoltluq açıq paylayıcı qurğunun tikintisi, istehsal olunacaq elektrik enerjisinin enerjisistemə inteqrasiyası və stansiyada avtomatik idarəetmə sisteminin qurulması da nəzərdə tutulub. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Sarıqışlaq” SES-də il ərzində 33,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.
Dövlətimizin başçısına Zəngilan, Laçın və Kəlbəcər rayonlarında tikilən Su Elektrik stansiyaları barədə də məlumat verildi.
Bildirildi ki, hazırda “Azərenerji” tərəfindən Zəngilan və Laçın rayonlarında 7 yerdə ümumi gücü 70,5 meqavat olan Su Elektrik stansiyalarının tikintisi aparılır. Oxçuçayın üzərində yerləşən və Zəngilan rayonunun ərazisində yaradılan “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” Su Elektrik stansiyaları yeni tikilir və həmin stansiyaların hər birinin gücü 10,5 meqavat olmaqla, ümumilikdə 42 meqavat təşkil edəcək. Laçın rayonundakı 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” stansiyaları isə yenidən qurulur.
Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək bu stansiyaların hər biri rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı, stansiyalara Bakıdan və digər yerlərdən nəzarət etmək əlçatan olacaq. Su Elektrik stansiyalarında il ərzində ümumilikdə 230 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerjinin istehsalı nəzərdə tutulub.
Həmçinin diqqətə çatdırıldı ki, hazırda Laçın və Kəlbəcər rayonlarında daha 9 yerdə ümumi gücü 76,8 meqavat olan Su Elektrik stansiyalarının tikintisinə başlanılır. Laçın rayonu ərazisində “Mirik”, “Qaraqışlaq”, “Ağbulaq”, “Zabux” və Kəlbəcərdəki “Zar” Su Elektrik stansiyaları tamamilə yenidən qurulacaq. Eyni zamanda, Kəlbəcər rayonu ərazisində “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində “Toğanalı” Kiçik Su Elektrik stansiyaları yeni layihə əsasında tikiləcək.
Qeyd edək ki, bu günədək “Azərenerji” tərəfindən 11 yerdə ümumi gücü 53,6 meqavat olan Kiçik Su Elektrik stansiyaları yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib.
Beləliklə, böyük Zəfərdən sonra işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının ümumi sayı 25-ə çatdırılacaq və 200 meqavata yaxın ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq.
Digər xəbərlərə də bax
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
CƏMİYYƏT
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.