MANŞET
Kino Agentliyinin film layihələri müsabiqəsinin növbəti mərhələsinə yekun vurulub
Azərbaycan Kino Agentliyinin (ARKA) 18 iyul 2023-cü il tarixində elan etdiyi film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub.
Seçim komissiyasının üzvlərinin qiymətləndirməsinə əsasən ikinci mərhələdən dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30 layihə məqbul hesab edilərək növbəti mərhələdə iştirak hüququ qazanıb. Tələbə alt istiqaməti üzrə isə 16 tələbə layihəsi məqbul hesab olunub.
Müsabiqənin növbəti – layihələrin müdafiəsi (pitçinq) mərhələsi 23-24 noyabr tarixində Azərbaycan Dövlət Film Fondunda təşkil olunacaq.
Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq müdafiə edəcəklər. Bu mərhələdə Seçim Komissiyası və Ekspert Şurasının rəyi əsasında müəyyən ediləcək qalib layihələr 27 noyabr tarixində ARKA-nın rəsmi internet səhifəsində (arka.culture.az) elan ediləcək.
İştirakçıların müsabiqənin yekun nəticələri ilə bağlı şikayətlərinə Apellyasiya Komissiyası baxıb müvafiq qərar qəbul edəcək.
Pitçinq mərhələsində iştirak edəcək qısa və tammetrajlı bədii film layihələri:
“Art Baku Production” – “Daş”
“Azərnyumedia” – “Günəşdə də ləkələr olur”
“Bakı Media Mərkəzi” – “Borc”
“Bizim Kino” – “Görmə qüsuru”
“Dream Big Company” – “Sehirli papaq”
“ExTerra Production” – “Kuryer”
“FS Film Company” – “Bir gecənin içində”
“Karvan Production” – “Qurtuluş”
“Karvan Production” – “Göytəpə əməliyyat”
“Karvan Production” – “Ağalı”
“Mozg Media Group” – “Sözün varsa, de!”
“OksiMedia” – “Qorqud və Zəhra”
“Rakurs Film-Media” – “Mənə bənzər adam görməmisiniz ki?”
“Rental Azərbaycan” – “Erkən hisslər”
“Rog Vfx Studio” – “Proyekt 2602”
“SFN Production” – “Arılar və Qəbirlər”
“Shahdag Cinema Production” – “113 gün”
“Shahdag Cinema Production” – “Nağıl kimi”
“SS Production” – “Acı hiss”
“SSP Production” – “Terminal 2020”
“Ultra Production” – “Xəzinə”
Pitçinq mərhələsində iştirak edəcək qısa və tammetrajlı sənədli film layihələri:
“Bakı Media Mərkəzi” – “Ölüm axtaran qadın”
“İctimai Televiziya və Radio Yayımları Şirkəti” – “Əsrin müqaviləsi”
“OD Media-Production – “Kür – çaylar anası”
“Karvan Production” – “Nargin”
“Nova Gorica” – “Sofiyadakı azərbaycanlı aydınlar”
“Vətən TV Media” – “Müharibənin gözləri”
“Rental Azərbaycan” – “Kapitan və Xəzər dənizi”
Pitçinq mərhələsində iştirak edəcək qısametrajlı animasiya film layihələri:
“3Dost Production” – “44 gün”
“Peri Film” – “Narqız”.
Digər xəbərlərə də bax
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
CƏMİYYƏT
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.