HƏRBİ
MN: “Qeyri-qanuni erməni silahlılarının sülhməramlıların müşayiəti ilə növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti qeydə alınıb” – VİDEO
Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.
Bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı və qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərksilah edilərək ərazimizdən çıxarılması təmin edilməlidir.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra etməlidir.
Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir”, – məlumatda qeyd olunub.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qurumun yaydığı videoçarxdan məlum olur ki, komandoların daimi təlim və məşğələləri təşkil olunur.
Hazırda isə komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələləri keçirilir. Məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.
Komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazanan komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.
HƏRBİ
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar müxtəlif fəaliyyətlər icra ediblər.
“Taktiki fəaliyyətlər zamanı xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirdikdən sonra gecə qaranlığında şərti düşmənin arxasına sızaraq mövqelərə basqın tapşırığını icra ediblər. Təlimdə şəxsi heyətin sıldırım qayalıqlara dırmanaraq dağdan iplərlə enməsi, eyni zamanda, ekstremal şəraitdə yaralıların qayalıqlardan təxliyə edilməsi məşq etdirilib. Xüsusi təyinatlı bölmələr düşmən dərinliyində çətin relyefli şəraitdə, qarlı və meşəlik ərazidə düşmənlə qəfil qarşılaşma, düşməndən uzaqlaşma fəaliyyətlərini yerinə yetiriblər. Taktiki-xüsusi təlimdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi həyata keçirilib”, – məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, qarlı-şaxtalı havalarda şəxsi heyətin xizəksürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
HƏRBİ
Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – nazirlik açıqlayıb.