CƏMİYYƏT
Narkotik satışına görə İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanılıblar – VİDEO
Polis əməkdaşları həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən İran vətəndaşının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qanunsuz dövriyyədən 11 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə və psixotrop maddə metamfetamin çıxarılıb.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında baş tutan tədbir zamanı paytaxt ərazisində müvəqqəti yaşayan qeyd edilən ölkənin vətəndaşı Omid Karimi və onunla birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan Asif Beliyev tutulublar. Bu şəxslərin üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın tiryək, marixuana və elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən dəstənin digər üzvləri Rufan Azəri, Mikayıl Rzayev, İlqar Yunusov, Nahid Abbasov, Xəqani Əzizli, Şəmistan Teymurov, Yunus Muxtarov və Məhəmməd Həsənov tutulublar. Bu şəxslərdən, onların avtomobillərindən və yaşayış ünvanlarından isə ümumilikdə 9 kiloqrama yaxın heroin, metamfetamin, tiryək, psixotrop tərkibli dərmanlar və digər maddi sübutlar aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
CƏMİYYƏT
İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsinə başlayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, proses “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə hazırlanan və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilir.
Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.
İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar (012) 377-00-20/21 nömrəli telefona zəng edə bilərlər.
Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilən işlər, o cümlədən risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirilən ictimai iaşə obyektləri barədə aylıq hesabatlar AQTİ-nin rəsmi saytında (www.afsi.gov.az) yerləşdiriləcək. Müvafiq sertifikat almış obyektlər İnstitutun təklif etdiyi xidmət və imkanlardan da yararlana biləcəklər.
CƏMİYYƏT
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.