CƏMİYYƏT
Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə əhaliyə 153 xidmət göstərilir.
Bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, nazirliyin kollegiyası tərəfindən siyahısı təsdiq edilmiş həmin xidmətlərə əmək münasibətləri, əlillik və reabilitasiya, məşğulluq, pensiya, sosial müavinət və Prezident təqaüdlərinin təyinatı, ünvanlı dövlət sosial yardımı, sosial sığorta, dövlət icbari şəxsi sığorta, sosial xidmət, övladlığa götürmə sahələrinə aid xidmətlər daxildir.
Son beş ildə icra olunan geniş elektronlaşdırma proqramı nəticəsində qeyd olunan xidmətlərin artıq 140-dan çoxu rəqəmsal platforma üzərindən təqdim edilir və qurum üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb.
2022-ci ildə bu e-xidmətlərə 21 milyona yaxın müraciət qeydə alınıb. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olub.
2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinatlarına başlanıb və ötən 4 ildə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən, proaktiv qaydada həyata keçirilib.
2020-ci ildə qurulan yeni e-sistem üzərindən isə son 3 ildə 600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb.
Nazirliyin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən 2022-ci ildə nazirliyin informasiya bazalarına sorğu sayı 209 milyon olub.
Son 5 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib ki, təkcə ötən il bu e-xidmətlər vasitəsilə 533 min e-arayış verilib.
Hazırda nazirlik üzrə daha bir sıra xidmətlərin elektronlaşdırılması işləri aparılır.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
CƏMİYYƏT
İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsinə başlayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, proses “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə hazırlanan və qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi qaydalarını müəyyən edən “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilir.
Reytinq təsnifatı 3, 4, 5 ulduz olmaqla aparılır. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.
İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar (012) 377-00-20/21 nömrəli telefona zəng edə bilərlər.
Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində həyata keçirilən işlər, o cümlədən risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirilən ictimai iaşə obyektləri barədə aylıq hesabatlar AQTİ-nin rəsmi saytında (www.afsi.gov.az) yerləşdiriləcək. Müvafiq sertifikat almış obyektlər İnstitutun təklif etdiyi xidmət və imkanlardan da yararlana biləcəklər.
CƏMİYYƏT
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.