HƏRBİ
Ötən gün Tərtərdə baş verən mina partlayışının təfərrüatları məlum olub
Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatı ilə nəticələnən mina partlayışının bəzi təfərrüatları məlum olub.
“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, hadisə Talış kəndində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.
“RPS Energy Ltd.” şirkəti əməkdaşlarının hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina basdırılıb. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Bu zaman baş verən partlayış zamanı avtomobil yoldan kənara düşüb.
Partlayan TM62 PM-nin markalı tank əleyhinə mina olduğu ehtimal edilir.
Hadisə nəticəsində zərərçəkmiş şəxslər “RPS Energy Ltd.” şirkətinin əməkdaşları – 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyevdir. Faktla bağlı cinayət işi başlanıb.
Digər xəbərlərə də bax
HƏRBİ
Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər
2024-cü ilin təsdiq olunmuş fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DİN DQ) Ali Hərbi Məktəbini ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 18 ölkədən 23 hərbi attaşelik aparatının nümayəndəsinin iştirak etdiyi ziyarətdə məktəbin rəisi general-mayor Elçin Məmmədov qonaqları salamlayıb, onları burada qəbul etməkdən məmnun olduğunu qeyd edib.
Əvvəlcə qonaqlara DİN DQ-nin Ali Hərbi Məktəbinin tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub.
Brifinq başa çatdıqdan sonra hərbi attaşelər kursantların dərs prosesini izləyib, məktəbin ərazisində onlar üçün yaradılan şəraitlə tanış olublar.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
HƏRBİ
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq
Azərbaycanın Şimal bölgəsində ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan, habelə təkrar tibbi şəhadətləndirilməyə cəlb edilən vətəndaşların tibbi müayinəsi regional tibb müəssisəsində – Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) aparılacaq.
İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot layihənin icrasına başlanılır.
Belə ki, 6 may tarixindən Xidmətin Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların Quba RMX-də tibbi müayinəsi aparılacaq.
Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev razılaşma sənədi imzalayıblar. Layihənin əsas məqsədi tibbi müayinələrin aparılması işinin mərkəzləşdirilməsi, yaxın məsafədə tibbi xidmətin əlçatanlığını və vətəndaş məmnunluğunu təmin etməkdir.
Vətəndaşların qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün Quba şəhəri, Fətəli Xan küçəsi 42 ünvanında yerləşən Quba RMX-də qəbul və müvafiq otaqlar ayrılıb. Müayinə otaqları bütün lazımi avadanlıqlarla təchiz edilib.
Xəstəxana həftə içi hər gün, saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir. Tibbi baxış zamanı çağırışçılar cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən müayinə ediləcəkdir.
Məlumat üçün bildirək ki, müddətli həqiqi hərbi xidmətə çağırılanların, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət almış vətəndaşların ambulator və ya stasionar tibbi müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ətraflı məlumat üçün Agentliyin “1542”, TƏBİB-in “815” və Dövlət Xidmətinin “9100” Çağrı mərkəzlərinə müraciət etmək olar.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcəkdir.
HƏRBİ
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qurumun yaydığı videoçarxdan məlum olur ki, komandoların daimi təlim və məşğələləri təşkil olunur.
Hazırda isə komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələləri keçirilir. Məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.
Komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazanan komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.