MƏDƏNİYYƏT
Pakistanda İçərişəhərlə bağlı sərgi təşkil olunub
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti 23-27 fevral 2024-cü il tarixlərində Pakistan İslam Respublikasının Lahor Qala Şəhəri Administrasiyasının Baş direktoru Kamran Laşarinin dəvəti ilə Lahorda işgüzar səfərdə olub.
Səfər Azərbaycan-Pakistan Hökümətlərarası Birgə Komissiyasının 7-ci Sessiyasının qərarı, habelə Lahor Qala Şəhəri Administrasiyası ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə imzalanan “Dostluq və Əməkdaşlıq haqqında Protokol” (24 noyabr 2021-ci il tarixli) əsasında həyata keçirilib.
Lahor şəhərinə səfər çərçivəsində Lahor Qala Şəhəri Administrasiyasının rəhbəri Kamran Laşari ilə görüş keçirilib, iki qurum arasında əlaqələr və mümkün birgə layihələrin icrası perspektivləri müzakirə olunub.
Səfər zamanı Lahor şəhərində onlarla abidənin, o cümlədən, ümumdünya irs mirası hesab olunan Lahor Fort kompleksinin restavrasiyasını həyata keçirən “Ağa Xan” Fondunun rəhbərliyi ilə görüş keçirilib, bərpa və restavrasiya layihələri ilə tanış olunub və ətraflı fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Lahor şəhərinin ən çox ziyarət olunan tarixi məkanı, UNESCO mirası “Lahor Fort” kompleksində “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin məhsullarından və “İçərişəhərim” sərgisinin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Açıq hava şəraitində, insanların çoxluq təşkil etdiyi məkanda keçirilən sərgi yerli və xarici qonaqların marağına səbəb olub.
Qeyd edək ki, səfərin təşkilində əsas məqsəd UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan iki qədimi şəhər mərkəzi arasında tarix və mədəniyyət abidələrinin konservasiyası və idarə olunması sahəsində təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də Azərbaycan memarlığının incisi olan İçərişəhərin zəngin mədəni irsinin tanıdılması və Azərbaycan-Pakistan mədəni əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.
Digər xəbərlərə də bax
MANŞET
Kembric Universitetində Novruz Bayramına həsr edilmiş tədbir keçirilib
Dünyanın aparıcı ali təhsil ocaqlarından olan Kembric Universitetinin Müqəddəs İsa Kolecinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Forumu tərəfindən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin diplomatları, universitetin professor-müəllim heyəti, region üzrə ixtisaslaşan tələbələr və KİV nümayəndələrinin iştirakı ilə Novruz bayramına həsr edilmiş geniş tədbir keçirilib.
Azərbaycanın Britaniyadakı Səfirliyindən verilən məlumata görə, tədbirdə Özbəkistan və Qırğızıstanın Birləşmiş Krallıqdakı səfirləri, eləcə də Qazaxıstan səfirliyinin müşaviri iştirak etdi. Azərbaycan səfirliyini müşavir Rəşad Vahabzadə təmsil edib.
İlk öncə diplomatların və alimlərin iştirakı ilə regionda baş verən müsbət dəyişikliklər haqda dəyirmi masa keçirilib. Müvafiq ölkələrin nümayəndələri çıxış edərək ölkələri haqda ətraflı məlumatlar təqdim edib. R.Vahabzadə Prezident İlham Əliyevin regionda formalaşdırdığı sülh gündəmi və türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqət göstərməsi, bu əməkdaşlığın prioritet daşıması haqda söz açdı, COP-29-un Azərbaycanda keçirilməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər, ölkəmizin regionda bağlantılığın inkişafına töhfəsi, yaşıl enerjiyə keçid və s. barədə məlumat verib.
Çıxış və təqdimatlardan sonra Kembric Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə geniş fikir mübadiləsi keçirilib, auditoriyanın çoxsaylı suallarına cavablar verilib.
Bundan sonra region ölkələrinin sənət ustalarının iştirakı ilə geniş konsert keçirilib. Konsertdə istedadlı rəqqasə Səkinə Muxtarlının ifasında Azərbaycan milli rəqsləri təqdim edilib.
Tanınmış tarzən Babək Atəş “Qarabağ şikəstəsini” və daha sonra ona qoşulmuş qardaş Özbəkistanı təmsil edən musiqiçilər Xurşidbek və Dostonjon ilə məşhur “Sarı gəlin”i birgə ifa ediblər. Tədbir konsert proqramı ilə sona çatıb.
MƏDƏNİYYƏT
Novruz bayramı Şəkidə böyük coşqu ilə qeyd edilib
Şəkililər qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər.
Baharın gəlişi münasibətilə martın 21-də Şəki şəhərinin qədim tarixi hissəsi – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində bayram tədbirləri təşkil olunub.
XVIII əsrə aid memarlıq abidəsi “Qala divarları”nın daxilində, Rəsm Qalereyasının yerləşdiyi qədim tarixi binanın həyətində təşkil edilən bayram tədbirinin iştirakçıları əvvəlcə yerli sənətkarların əl işlərindən ibarət sərgilərə baxıb, milli mətbəx nümunələri ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən, xalqın inamından, etiqadından yaranan və günümüzə qədər qorunub saxlanılan Novruz yurdumuza qədəm qoyur. Qırx dörd günlük Vətən müharibəsində “Dəmir yumruq” ətrafında birləşərək öz əzm və iradəsini göstərən qəhrəman xalqımız bu gün Novruz bayramını bütöv Azərbaycanın hər bir guşəsində Qələbə ruhu ilə qeyd edir.
Şəhər rəhbərliyinin, sakinlərin, şəhərin qonaqlarının iştirak etdiyi bayram tədbirində musiqi və rəqs kollektivləri, zurnaçalanlar və nağaraçalanlar ansamblları maraqlı konsert proqramı ilə çıxış ediblər. Kəndirbazların, pəhləvanların çıxışları bayram tədbirinə xüsusi ovqat qatıb.
Axşam saatlarında “Qala divarları”nın qarşısındakı meydanda bayram korserti təşkil olunub. Tanınmış sənət adamlarının, ifaçıların çıxışları və maraqlı rəqs nömrələri tamaşaçılara xoş anlar yaşadıb. Bahar qızı şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıb. Novruzun personajları Kosa və Keçəl məzəli zarafatları ilə tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş ediblər.
Konsert proqramı başa çatdıqdan sonra bayram tonqalı alovlandırılıb, şənlik iştirakçıları tonqalın ətrafında rəqs ediblər.
MƏDƏNİYYƏT
Şəkidə Novruz bayramı münasibətilə konsert proqramı təşkil edilib – FOTOLAR
Martın 21-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin və “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə Şəki Qala divarları içərisində Novruz bayramı münasibətilə konsert proqramı təşkil edilib.
Mədəniyyət işçilərinin hazırladığı konsert proqramında musiqi nömrələri ifa olunub, rəqslər nümayiş olunub və Novruzun simaları olan Bahar qız , Kosa, Keçəl öz kompazisiyasıları ilə tamaşaçılara xoş anlar bəxş ediblər.