RƏSMİ XRONİKA
Prezident elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam verib
Prezident İlham Əliyev Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.
Sərəncamla qərara alınır:
– Azərbaycan Respublikasının Nazirlər Kabineti:
– elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin və elektrik enerjisi doldurma məntəqələrinin əhatə dairəsinin genişləndirilməsi, həmin məntəqələrin yaradılması işlərinə sahibkarlıq subyektlərinin cəlb edilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
– Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması üçün yerləri bir ay müddətində müəyyən etsin;
– elektrik enerjisi doldurma məntəqələrinin quraşdırılması, zəruri infrastrukturun yaradılması, habelə həmin məntəqələrin dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq tədbirlər görülməsini təmin etsin;
– bu Sərəncamın 1.3-cü bəndində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin təklifləri əsasında cari ilin və növbəti ilin dövlət büdcəsindən müvafiq vəsait ayrılması üçün tədbirlər görsün;
– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Digər xəbərlərə də bax
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.
Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin iki ölkə arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
RƏSMİ XRONİKA
Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
RƏSMİ XRONİKA
Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın üzvləri siyahısından Fikrət Məmmədov çıxarılıb. Həmin siyahıya ədliyyə naziri Fərid Əhmədov əlavə olunub.