RƏSMİ XRONİKA
Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli Forum iştirakçıları.
İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.
Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir. Forum, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaşlığımız çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. Bu gün ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq dinamik şəkildə inkişaf edir, ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə işlər davam etdirilir. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə qarşılıqlı fəaliyyətin müzakirəsi iki ölkənin regionlararası səviyyədə əlaqələri daha da dərinləşdirmək istəyini əyani şəkildə nümayiş etdirir.
Əlamətdar haldır ki, bugünkü Forum Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ikinci ildönümündə keçirilir. İki il bundan əvvəl – 2022-ci ilin fevralında xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran bu mühüm sənəd imzalanıb.
Əminəm ki, bu Forum əvvəlkilər kimi, yaradıcı atmosferdə keçiriləcək, ümumi yanaşmaların işlənib hazırlanması üçün əlamətdar hadisə olacaq və dost ölkələrimizin rifahı naminə nəzərdə tutulan bütün məqsədlərə nail olmağa kömək edəcək.
Forumun bütün iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!”
Digər xəbərlərə də bax
RƏSMİ XRONİKA
Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.
Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin iki ölkə arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
RƏSMİ XRONİKA
Azərbaycan və Konqo prezidentlərinin təkbətək görüşü olub
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək görüşü olub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
RƏSMİ XRONİKA
Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın üzvləri siyahısından Fikrət Məmmədov çıxarılıb. Həmin siyahıya ədliyyə naziri Fərid Əhmədov əlavə olunub.