MƏDƏNİYYƏT
Qax rayonunda “İlmələrdə yaşayan ömrüm “adlı sərgi nümayiş olunub – FOTO
Qax rayon Zəyəm kənd Folklor evində kənd sakini Rəvanə Qurbanovanın “İlmələrdə yaşayan ömrüm” adlı sərgisi keçirilib.
Sərgidə gəncin bir çox əl işləri nümayiş olunub. İstedadlı yeniyetmə bir çox mövzuları əhatə edən əl işləri haqqında sərgi iştirakçılarına məlumat verib.
Məqsədimiz belə istedadlı gənclərimizə dəstək olaraq, onlarla bu yolda birgə addımlamaqdır.
Digər xəbərlərə də bax
MƏDƏNİYYƏT
Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayacaq.
Tədbir 1-3 may tarixlərində keçiriləcək.
Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edəcək.
Forumda 100-dən çox ölkəni təmsil edən 700 qonaq iştirak edəcək. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. Üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.
Üç gün ərzində panellərdə “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət”, “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq”, “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi”, “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət”, “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu”, “Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar”, “Süni intellekt – təhdid, yoxsa imkan?”, “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; Qlobal inkişafa doğru”, “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzularında müzakirələr aparılacaq.
Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur.
MANŞET
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq.
Bununla bağlı ShekiMedia.az-a Heydər Əliyev Fondundan məlumat verilib.
Qeyd edilib ki, konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyır. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və insəcənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.
Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib.
Mayın 4-dəki konsert proqramında da məhz bu incəsənət xadimləri – Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri – Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış edəcək.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni, mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliği xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondu ötən illərdə mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verib və Fondun 20 illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.
MANŞET
Kembric Universitetində Novruz Bayramına həsr edilmiş tədbir keçirilib
Dünyanın aparıcı ali təhsil ocaqlarından olan Kembric Universitetinin Müqəddəs İsa Kolecinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Forumu tərəfindən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin diplomatları, universitetin professor-müəllim heyəti, region üzrə ixtisaslaşan tələbələr və KİV nümayəndələrinin iştirakı ilə Novruz bayramına həsr edilmiş geniş tədbir keçirilib.
Azərbaycanın Britaniyadakı Səfirliyindən verilən məlumata görə, tədbirdə Özbəkistan və Qırğızıstanın Birləşmiş Krallıqdakı səfirləri, eləcə də Qazaxıstan səfirliyinin müşaviri iştirak etdi. Azərbaycan səfirliyini müşavir Rəşad Vahabzadə təmsil edib.
İlk öncə diplomatların və alimlərin iştirakı ilə regionda baş verən müsbət dəyişikliklər haqda dəyirmi masa keçirilib. Müvafiq ölkələrin nümayəndələri çıxış edərək ölkələri haqda ətraflı məlumatlar təqdim edib. R.Vahabzadə Prezident İlham Əliyevin regionda formalaşdırdığı sülh gündəmi və türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqət göstərməsi, bu əməkdaşlığın prioritet daşıması haqda söz açdı, COP-29-un Azərbaycanda keçirilməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər, ölkəmizin regionda bağlantılığın inkişafına töhfəsi, yaşıl enerjiyə keçid və s. barədə məlumat verib.
Çıxış və təqdimatlardan sonra Kembric Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə geniş fikir mübadiləsi keçirilib, auditoriyanın çoxsaylı suallarına cavablar verilib.
Bundan sonra region ölkələrinin sənət ustalarının iştirakı ilə geniş konsert keçirilib. Konsertdə istedadlı rəqqasə Səkinə Muxtarlının ifasında Azərbaycan milli rəqsləri təqdim edilib.
Tanınmış tarzən Babək Atəş “Qarabağ şikəstəsini” və daha sonra ona qoşulmuş qardaş Özbəkistanı təmsil edən musiqiçilər Xurşidbek və Dostonjon ilə məşhur “Sarı gəlin”i birgə ifa ediblər. Tədbir konsert proqramı ilə sona çatıb.