SİYASƏT
QHT-lər Xocavənddəki kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara çağırış edib
Azərbaycanın qeyri-hökumət təşkilatları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkar olunmuş kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
Sənəddə Azərbaycan cəmiyyətində böyük sarsıntı yaradan, Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş məzarlığın regionda sayca üçüncü kütləvi məzarlıq olduğu bildirilir:
“Belə ki, bu ilin fevral ayında Edilli kəndində bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun Fərrux dağında bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi və sentyabr ayının 14-də Edilli kəndində digər bir kütləvi məzarlıqda 12 nəfərin cəsədi təsadüfi qazıntılar nəticəsində aşkar edilmişdi. Məzarlıqlarda tapılan cəsədlərin funksional vəziyyətləri onların qabaqcadan planlaşdırılmış qaydada, xüsusi qəddarlıqla öldürüldüklərini deməyə əsas verir. Bütün bu baş verənlər Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əsir və girovlarımıza qarşı qanuni çərcivədən kənar və özbaşına edamların nəticəsidir ki, bu da silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozulması ilə nəticələnən müharibə cinayətidir”.
“Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri bu hadisəni qətiyyətlə pisləyir və hadisəni törədənlərin cəzalandırılmasını tələb edirik. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 20% ərazilərinin işğalı zamanı (1988-1994-cü illər) ermənilər tərəfindən əsir götürülən 4000-ə yaxın Azərbaycan vətəndaşının (hərbi qulluqçu və mülki şəxslərin) taleyindən hələ də xəbər yoxdur. Azərbaycan dövləti dəfələrlə itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, bütün beynəlxalq humanitar təşkilatlar məsələ ilə bağlı səssiz qalmış və heç birini cavablandırmamışdır”, – müraciətdə qeyd edilir.
Sənəddə deyilir ki, 1949-cu il Cenevrə konvensiyalarına əsasən müharibə zamanı hərbi əsirlərlə davranış, eləcə də yaralı və mülki şəxslərin müdafiəsi tələbləri Ermənistan tərəfindən dəfələrlə pozulmuş və 2022-ci ildə aşkar edilən kütləvi məzarlıqlar da bu pozuntuların baş verdiyini sübut edən bariz nümunə olub: “İndiyədək müharibə cinayətləri törədən erməni hərbiçilərinə qarşı Ermənistan hüquq mühafizə orqanları və məhkəmələri tərəfindən heç bir cəzalandırılma halına rast gəlinməyib. Azərbaycan Respublikasının 2020-ci il Vətən Müharibəsindən sonra Ermənistana həm itkin düşmüş şəxslərin taleyi, eləcə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə bağlı müraciətləri də faktiki olaraq cavabsız qalmışdır. Ermənistan bütün hallarda Azərbaycanın humanist, qərəzsiz münasibətinə qeyri-adekvat münasibət bəsləmişdir. Müharibə cinayətləri törədən, yüzlərlə mülki şəxsin ölümünə səbəb olan, bir milyon insanın yaşamaq hüquqlarını pozan, onların varidatını mənimsəyən, mədəni irsini məhv edən Ermənistan adlı bir dövlətin hələ də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi, azərbaycanlıların başlarına gətirilən faciələrə ikili standartlarla yanaşılması bizim həmin təşkilatların fəaliyyətinə inamımızı azaldır. Bəyan edirik ki, Ermənistanın müharibə cinayətlərinə beynəlxalq təşkilatlar, xüsusən beynəlxalq humanitar təşkilatlar adekvat cavab verməli, törətdiyi cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməli və Azərbaycanın 4000-ə yaxın itkin düşmüş vətəndaşının taleyinə aydınlıq gətirməlidirlər”.
Digər xəbərlərə də bax
SİYASƏT
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edib.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər barəsində də danışıqlar aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin bərpasından bəri UNESCO ilə yaxından əməkdaşlıq edərək, təhsil, mədəni irs nümunələrinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələrdə Təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb. Bu il artıq 6-cı dəfə keçirilən Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində tərəfdaşlığın öz növbəsində Azərbaycan və UNESCO əməkdaşlığının davamlılığının bariz nümunəsi olduğu bildirilib.
UNESCO tərəfi Azərbaycanla mədəniyyətlər arasında dialoq, gender bərabərliyi, gənclərlə iş, habelə süni zəka kimi müasir texnologiyalardan istifadə sahəsində etika məsələləri kimi əməkdaşlıq imkanlarının olduğunu bildirib. Nazir Ceyhun Bayramov ölkəmizdə qeyd edilən istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə kimi kompleks yanaşma tələb edən sahədə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın təşviqinə istiqamətləndiyini diqqətə çatdırıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdədir.
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
SİYASƏT
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.