MANŞET
Respublika Narkoloji Mərkəzinin baş direktoru: Alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesefik alkoqol deqradasiyasına uğramasıdır – MÜSAHİBƏ
Məişət sərxoşluğu ilə alkoqol asılılığının başlanğıc mərhələsi arasındakı fərqi yalnız mütəxəssislər qiymətləndirə bilər.
Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov müsahibəsində bildirib.
ShekiMedia.az müsahibəni təqdim edir:
– Orxan müəllim, alkoqolizmin əsas əlamətləri hansılardır?
– 1979-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Alkoqolizm” terminini Xəstəliklərin Beynəlxalq Təsnifatından (XBT) çıxararaq, “alkoqoldan asılılıq sindromu” termini ilə əvəz etdi (F10.2; Alkoqolun istifadəsi ilə əlaqədar asılılıq sindromu).
Alkoqoldan asılılıq sindromu (Xəstəliklərin Beynəlxalq Təsnifatı-10) aşağıdakı əlamətlərə malikdir: alkoqolun qəbuluna güclü həvəs və ya alkoqolun istifadəsinə israrlı təlabat; alkoqolun qəbulu üzərində nəzarət qabiliyyətinin itməsi; alkoqoldan məhrum edilmə “abstinent” sindromu; alkoqola qarşı tolerantlığın artması; qabağını alan sosial faktorlara baxmayaraq, bir qayda olaraq həm iş, həm də istirahət günlərində spirtli içkilərin qəbuluna tendensiya; aydın, aşkar zərərli nəticələrin olmasına baxmayaraq, alkoqoldan istifadəni davam etmək.
Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da spirtli içkilərin istifadəsi qadağan olunmayıb. Bu səbəbdən məişət sərxoşluğu ilə alkoqol asılılığının başlanğıc mərhələsi arasındakı fərqi yalnız mütəxəssislər qiymətləndirə bilər.
– Alkoqol asılılığı hansı xəstəliklərə səbəb olur?
– Alkoqol birinci növbədə psixoaktiv maddə olaraq mərkəzi sinir sisteminə təsir göstərir və davamlı istifadə olunduğu halda ilk olaraq baş beyində bərpa olunmaz üzvi dəyişikliklərə səbəb olur. Alkoqol asılılığı son nəticədə yaddaş pozulmasına (psixoorqanik sindrom) və digər əqli problemlərə gətirib çıxara bilər. Daha ağır hallarda beyində atrofik proseslərin yaranmasına, həmçinin periferik sinir sisteminin xəstəliklərinə (nevrit, polinevrit, neyropatiya) səbəb ola bilər. Daha ağır hallarda baş beyində atrofik gətirib çıxara bilər. Periferik sinir sistemi tərəfindən polinevritlər qeyd olunur. Ümumiyyətlə orqanizmin bütün orqan və sisitemləri zərər çəkir: ürək damar sistemi (alkoqol miokardiodistrofiya), qaraciyər (qaraciyər serrozu), böyrəklər (xroniki böyrək çatışmazlığı).
– Spirtli içkilərdən asılılıq daha çox hansı yaş aralığında olan insanlarda təsadüf edilir?
– Nəzərə alaq ki, alkoqol asılılığının bir xəstəlik kimi formalaşmasına bir neçə il mütəmadi olaraq alkoqol qəbulu (məişət sərxoşluğu) səbəb olur.
Gənclər arasında alkoqol asılılığının formalaşmasına nadir hallarda təsadüf edilir. Əksər hallarda bu xəstəlikdən əziyyət çəkənlər orta yaş qrupunun nümayəndələridir.
Lakin son zamanlar gənclər arasında energetik spirtli içkilərin istifadəsinə tez-tez rast gəlinir. Bu növ içkilərin mütəmadi istifadə edilməsi adi spirtli içkilərlə müqayisədə daha tez asılılıq yaradır və daha ağır fəsadlar verir. Yeniyetmələrdə spirtli energetik içkilərin çox miqdarda və mütəmadi qəbulu zamanı psixi pozuntuların yaranmasına gətirib çıxaran hallara da tez-tez rast gəlirik.
– Müalicə və psixoloji yardım ilə birgə bu asılılıqdan azad olmaq mümkündürmü?
– Alkoqolun insanın psixikasına təsirinin ən ağır fəsadlarından biri də şəxsiyyətin spesefik alkoqol deqradasiyasına uğramasıdır. Alkoqolun insan psixikasına bu təsiri başqa psixoaktiv maddələrdən fərqli olaraq daha tez inkişaf edir və şəxsiyyətin daha dərin pozuntularına səbəb olur. Xəstədə öz vəziyyətinə, ətrafında yaranmış situasiyaya tənqidi münasibəti zəifləyir. Müalicə və reabilitasiya prosesində xəstənin fəal iştikarı tələb olunur. Bunun üçün ilk növbədə pasient öz asılılığını etiraf etməlidir. Bu halda o alkoqol asılılığından azad ola bilər.
Respublika Narkoloji Mərkəzinin Ambulator reabilitasiya şöbəsinə mərkəzdən evə yazıldıqdan sonra bir çox pasientlər qrup və fərdi terapiyalarda iştirak etmək üçün müraciət edirlər. Reabilitasiya kursunun əsas məqsədi bu şəxsləri yenidən cəmiyyətə inteqrasiya etməsidir.
– Övladları, yaxınları alkoqol asılılığından əziyyət çəkənlərə məsləhətiniz nə olardı?
– Yuxarıda qeyd etdiyimiz kimi, formalaşmış asılılıqdan azad olunmaq üçün ən əsas pasientin özünün təşəbbüsü və asılılıqdan azad olunmaqda qərarlılığıdır. Ailənin, yaxınların bu zaman onun yanında olub ona dəstək verməsi vacib bir şərtdir. Belə ki, ailənin dəstəyi olmasa bu pasientlər müalicədən əvvəl onsuz da itirdikləri mövqelərinin bərpasına olan ümidlərini itirəcəklər.
Çox vaxt həkimlər xəstənin yaxınları tərəfindən onun vəziyyətini düzgün qiymətləndirilməməsinin şahidi olurlar. Belə ki, onlar xəstəliyi “pis vərdiş” kimi qəbul edirlər. Xəstəni içki aludəçisi olduğu üçün günahlandırırlar. Bu, heç də səmərəli yanaşma deyil. Xəstənin müalicə həkimi birinci növbədə ailə üzvlərini və yaxınlarını bu asılılığın xəstəlik olduğu barədə məlumatlandırmalıdır. Xəstə müalicə və reabilitasiya prosesindən sonra ayıq həyat tərzinə qayıtdıqda yaxınları tərəfindən ona şübhə ilə yanaşmaq, daimi nəzarət və tənbeh etmək cəhdləri xəstədə etiraz yarada bilər. Bu onun spirtli içki istifadəsinə yenidən başlamasına təkan ola bilər.
Alkoqol asılılığı ilə mübarizə uzun müddət tələb edən bir prosesdir. Bu səbəblə asılılıqdan əziyyət çəkən pasientlərlə daha təmkinli olmaq, onları müəyyən mənada həyata stimullaşdırmaq, sosial durumlarını yaxşılaşdırmağa doğru yönələn addımlar atmaq lazımdır.
Digər xəbərlərə də bax
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
CƏMİYYƏT
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Proses sentyabrın 1-dək davam edəcək.
Sənaye üsulu ilə balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Qeyd edək ki, Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.