MANŞET
Səhiyyə Nazirliyi günvurma ilə bağlı əhaliyə müraciət edib
“Günvurma hər yaşda və cinsdə olan insanlara təsir edə bilər, lakin uşaqlar və yaşlılarda risk daha yüksəkdir. Uşaqlarda bədənin fizioloji termorequlyasiyası hələ də tam formalaşmayıb, yaşlılarda isə artıq zəifdir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib.
Onun sözlərinə görə, həmçinin, ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzinin patologiyaları, qaraciyər sirrozundan əziyyət çəkən insanlar tez-tez və daha asan günvurmaya məruz qalırlar.
Mütəxəssis bildirib ki, vitamin D günəş işığının ultrabənövşəyi şüalarının təsiri altında insan dərisində sintez olunur, buna görə də onu “günəş vitamini” adlandırırlar:
“D vitamini orqanizmin həyatında əvəzolunmaz elementdir və sağlamlıq üçün çox faydalıdır. İnsan orqanizmində D vitamininin əsas rolu qidada olan kalsium və fosforun nazik bağırsaqdan sorulmasını təmin etməkdir. Bu elementlər isə sümüklərin normal inkişafını, dişlərin sağlamlığını təmin edirlər. Vitamin D immun, sinir, əzələ, hormonal, reproduktiv sistemlərin fəaliyyətini möhkəmləndirir, metabolizmi sürətləndirir”.
G.İsmayılova günvurma zamanı nə etmək lazım olduğunu da açıqlayıb. O bildirib ki, günvurmanın əlamətləri müşahidə olunduqda dərhal ilkin yardım göstərilməlidir:
“Eyni zamanda unutmayın ki, bu ilk yardımdır və təcili yardım çağırmaq daha yaxşıdır, çünki zərərçəkənin vəziyyətini düzgün qiymətləndirmək, xüsusən də uşaqlarda və yaşlılarda, adətən çətin olur. Zərərçəkmişi dərhal kölgəli və sərin yerdə horizontal (şaquli düz) vəziyyətdə uzatmaq, başına buz və ya soyuq kompres qoymaq lazımdır. Əgər huşu özündədirsə, ona sərin suyun verilməsi tövsiyə edilir”.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək
Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək.
Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir.
Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 07.04.2024
Aprelin 7-də Azərbaycanda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Bu barədə ShekiMedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Aprelin 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
CƏMİYYƏT
Kəlbəcərdə zəlzələ olub
Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.2 olub.
Yeraltı təkanın dərinliyi 10 kilometrdir.