İDMAN
Şəkidə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şahmat turniri keçirilib
Şəkidə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları arasında şahmat turniri keçirilib.
Turnir martın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun, Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı və Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin dəstəyi ilə Şəki Heydər Əliyev Mərkəzində keçirilib.
Turnirin açılış mərasimində çıxış edənlər iştirakçıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik ediblər. Bildirilib ki, 4 mart 2005-ci ildə Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Vurğulanıb ki, ölkəmizdə idmanın inkişafı ildən ilə daha geniş vüsat alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Yarışda 15 nəfər qalib adı uğrunda mübarizə aparıb. Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar, onlara Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin qiymətli hədiyyələri təqdim olunub.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb
Azərbaycanın daha bir ağırlıqqaldıranı Ömər Cavadov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.
O, toplam 328 kq (153+175) nəticə göstərib. Cavadovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. İsa Rüstəmov (73 kq) D qrupunda 320 kq-ın (145+175) öhdəsindən gəlib.
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib
Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı D qrupunda qüvvəsini sınayıb.
O, toplam 320 kq (145+175) nəticə göstərib. Rüstəmovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub.
İDMAN
“Neftçi” “Spartak”la oyundan əvvəl azarkeşlərə müraciət edib
“Neftçi” Bakıda Rusiyanın “Spartak” komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçından əvvəl azarkeşlərə müraciət edib.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, qonaq komandanın fanatları üçün “Neftçi Arena”da xüsusi sektor olacaq.
“Həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, – deyə Bakı klubu bildirib.
Qeyd edək ki, martın 23-də reallaşacaq “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.