MANŞET
Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib
Səhiyyə Nazirliyi 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyası ilə bağlı valideynlərə çağırış edib.
Nazirlikdən bildirilib ki, 2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin qonşu ölkələr olan Türkiyə, Rusiya, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur.
Qeyd olunub ki, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub: “Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.
Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.
Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.
Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur”.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgərinə şəhid statusu veriləcək
Təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğluna şəhid statusu veriləcək.
Bunu “Report”un sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, şəhidlik statusunun verilməsi qərarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həlak olanın xidmət keçdiyi hərbi hissə tərəfindən təqdim edilən müvafiq arayış əsasında verilir.
Qeyd edək ki, aprelin 5-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölüb. Fakt üzrə Qubadlı hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 07.04.2024
Aprelin 7-də Azərbaycanda hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Bu barədə ShekiMedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Aprelin 7-də Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacaq.
CƏMİYYƏT
Kəlbəcərdə zəlzələ olub
Kəlbəcər rayonunda zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.2 olub.
Yeraltı təkanın dərinliyi 10 kilometrdir.