SİYASƏT
Tallində Heydər Əliyevin 100 illiyi münasibətilə “Əbədilik” adlı konsert keçirilib
Estoniyanın Tallin şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əbədilik” adlı təntənəli konsert keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycanın Estoniyadakı səfirliyinin və Tallindəki Azərbaycan Evinin təşkilatçılığı ilə “Konsert Di Saal” konsert salonunda baş tutan tədbirdə Azərbaycan və Estoniyanın rəsmi şəxsləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimaiyyətin, müxtəlif milli azlıqların və icmamızın nümayəndələri iştirak ediblər.
Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konsertin əsas məqsədinin Azərbaycan mədəniyyətini və ölkəmizin milli musiqi incilərini Avropa İttifaqının üzvü Estoniyada geniş təbliğ etmək olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədri Fuad Muradov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə göstərdiyi misilsiz və əvəzsiz xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Komitə sədri keçirilən tədbirin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.
Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Rina Solman xalqımızın Ümummilli Liderinin 100 illik yubileyinin Tallinndə qeyd olunmasını iki ölkənin tarixi baxımından mühüm hadisə adlandırıb, möhtəşəm musiqi gecəsinin ölkələrimiz arasında mədəni əlaqələrin daha da inkişafına və eston tamaşaçısının Azərbaycan milli musiqisi ilə yaxından tanış olmasına xidmət etdiyini bildirib.
Sonra Narva şəhər Simfonik Orkestrinin iştirakı və Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə xalq artisti, xanəndə Nəzakət Teymurova, əməkdar artist, tarzən Əliağa Sadiyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatimə Cəfərzadənin ifasında azərbaycanlı bəstəkarların, eləcə də dünya klassiklərinin əsərləri səsləndirilib.
Konsertdən sonra Komitə sədri Azərbaycan-Estoniya dostluq əlaqələrinin genişlənməsinə verdiyi töhfələrə görə layiq görüldüyü “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalını Estoniyanın keçmiş xarici işlər naziri Kristina Oylanda təqdim edib. Bu cür əhəmiyyətli dövlət mükafatına layiq görüldüyünə görə dərin minnətdarlığını bildirən Kristina Oyland bu tədbirin iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.
Komitənin adından Narva sinfonik orkestrinin bədii rəhbəri Anatoli Şuraya və Azərbaycan əsilli estoniyalı siyasətçi Züleyxa İsmayılovaya xatirə hədiyyələri təqdim olunub.
Komitə əməkdaşlarının Estoniyaya səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Narva şəhərində də konsert proqramı təşkil olunub.
Konsert proqramları tamaşaçıların rəğbəti ilə qarşılanıb.
Komitə sədri “Heydər Əliyev İli” çərçivəsində Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun yeni açılmış yaradıcılıq qalereyasını ziyarət edərək, burada nümayiş olunan sərgiyə baxıb.
Digər xəbərlərə də bax
SİYASƏT
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edib.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər barəsində də danışıqlar aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin bərpasından bəri UNESCO ilə yaxından əməkdaşlıq edərək, təhsil, mədəni irs nümunələrinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələrdə Təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb. Bu il artıq 6-cı dəfə keçirilən Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində tərəfdaşlığın öz növbəsində Azərbaycan və UNESCO əməkdaşlığının davamlılığının bariz nümunəsi olduğu bildirilib.
UNESCO tərəfi Azərbaycanla mədəniyyətlər arasında dialoq, gender bərabərliyi, gənclərlə iş, habelə süni zəka kimi müasir texnologiyalardan istifadə sahəsində etika məsələləri kimi əməkdaşlıq imkanlarının olduğunu bildirib. Nazir Ceyhun Bayramov ölkəmizdə qeyd edilən istiqamətlərdə görülən işlər barədə məlumat verib.
Cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə kimi kompleks yanaşma tələb edən sahədə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın təşviqinə istiqamətləndiyini diqqətə çatdırıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdədir.
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
SİYASƏT
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Daşkənddə Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, ölkələr arasında biznes və ticarət əlaqələrinin dayanıqlı inkişafı, özəl sektorun və qarşılıqlı investisiya fəaliyyətinin intensiv təşviqi, birgə layihələrin maliyyələşdirilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparılıb.