YAZARLAR
“Üzeyir və Cavid irsi”
Digər xəbərlərə də bax
SİYASƏT
Nikol Paşinyan yenə də “rəqs edir”
Amma indi Şuşada yox, Günbatanda
Armİnfo.am. xəbər portalında verilmiş ( 24 fevral 2024-cü il) “ Rusiya Federasiyası və KTMT ilə əlaqələrin qırılması, eləcə də, Yerevanın Qərbə meyillənməsi Ermənistan üçün məhvedici vəziyyət yarada bilər” adlı materilal işğalçı ölkənin bugünkü reallıqlarının qiymətləndirilməsi baxımından olduqca maraqlıdır. Bu ölkədəki Respublika partiyası idarə heyətinin üzvü, keçmiş deputat Eduard Şarmazanovun öz Facebook səhifəsində baş nazirin “Franse-24” telekanalına verdiyi müsahibə haqqında yazdığı ( yəni müsahibə deyil ki, kimsə fikirləri kontestdən çıxartmış olsun – İ.M.) analitik materiala istinad edən sayt Nikol Paşinyanın düşdüyü durumun acınacaqlı olduğunu bildirib.
Sayt yazır ki, tarix öz şəxsi həyatında baş verənlərdən dərs ala bilməyənlərə qarşı amansız olur. Şarmazanovun fikrincə, Nikol Paşinyan həmin müsahibədə Ermənistanın deyil, Ukraynanın maraqlarına xidmət etdiyini boynuna alıb. Siyasətçi soruşur: “Nikol Paşinyan, siz Ermənistanın təhlükəsizlik məsələlərini həll etmisiniz ki, indi Ukraynanın təhlükəsizliyinin qorunmasına qalxırsınız? Sizin Qərbin və Ukraynanın qarşısında bütün “rəqsləri ifa etməyiniz” azdırmı ki, indi də Kiyevin vəkili kimi çıxış edirsiniz? Deyirsiniz ki, Ukraynada baş verənlər Alma-Ata Bəyannaməsinin pozulmasıdır və bu, bizi çox narahat edir.
Eduard Şarmazanov öz ölkəsinin dövlət başçısına xatırladır ki, Azərbaycan bizim sərhədlərimizdə və təmas xətlərimizdə nə etmək istəyirsə, onu da reallaşdırır. Siz isə gedib Avropada Ukrayna üçün ağlayırsınız.
Erməni siyasətçinin baş nazirə daha bir maraqlı sualı var: “Siz kimsiniz? Bayden, Blinken, Şolts, Ərdoğansınızmı ki, o boyda böyük problemə – Ukrayna məsələsinə baş qoşursunuz? Siz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımısınız və soydaşlarınızın oradan köçməsini təmin etmisiniz. Bu dəhşət sizi narahat etməsə də, Ukrayna məsələsi sizi bərk həyəcanlandırır. Söhbət hansı Ukraynadan gedir, siz bilirsinizmi? Söhbət Azərbaycanın dostu və müttəfiqi olan, prezidenti Zelenski Qarabağdakı Zəfərə görə İlham Əliyevi təbrik etmiş Ukraynadan gedir, axı. O Ukraynadan ki, otuz il ərzində daim Qarabağın Azərbaycan ərazisi olduğunu iddia etmişdir. Gürcüstan rəhbərliyindən nümunə götürün və böyük problemlərə burnunuzu soxmayın”.
Yeri gəlmişkən, Ermənistan Milli Məclisinin müxalifətçi fraksiyasından olan deputatı Artur Xaçatryan da fevralın 26-da bəyan edib ki, İrəvan rəhbərliyinin NATO-nun “əlinə oynaması” və KTMT ilə münasibətlərin dondurulması Ermənistanı meydanda tək qoyacaq. Deputat bu fikirlərini Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana gözlənilən səfəri barədə danışarkən deyib. Müxalif siyasətçi Nikol Paşinyanı öz xalqına xəyanətdə ittiham etməkdən də çəkinməyib: “Mən istisna etmirəm ki, İlham Əliyev, Volodimir Zelenski və Nikol Paşinyan Qarabağ məsələsində tamamilə həmrəydirlər”.
Yəni, Nikol Paşinyan təkcə hərdəmxəyallığı, bu gün dediyini sabah təkzib etməsi, Şuşada şərab içib yatması, yerli-yersiz rəqsləri ilə deyil, həm də başı girməyən yerə bədənini də dürtmək cəhdləri ilə xalqının da gözündən düşür, dünya ictimaiyyətinin də. Ermənilər haqlı olaraq ondan soruşurlar: “Sənin Münxendə şadyanalıqla “İlham Əliyevlə danışdıq, Azərbaycan bizə hücum etməyəcək!”– deməyinlə, həmin gün axşamüstü Parisdən silah istəməyini necə anlamaq olar?”.
Yazıq Nikol, indi qalıb od ilə su arasında. Azərbaycan haqlıdır, Türkiyə güclüdür, Rusiya göz yaşlarına daha heç inanmır, ABŞ çox uzaqdadır, Fransa isə məkrli, kələkbaz və kəmfürsət. İndi Ermənistanı ya Suriyanın gününə düşmək gözləyir, ya da məhv olub getmək. Amma prezidentlər Heydər Əliyev də, İlham Əliyev də son 30 ildə onlara xilas yolunu dəfələrlə göstərmişdilər: “Dağılmış Paris” o xilasa imkan vermədi ki, vermədi. İndi öz cəzalarını çəkməlidirlər və çəkirlər.
İttifaq MİRZƏBƏYLİ
SİYASƏT
Moskva “Cermuk” suyundan niyə imtina etdi?
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan “Cermuk” (“Jermuk”) suyunun idxalının dayandırılması barədə qərar qəbul edib. Buna səbəb fevralın 12-də Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhər sakininin “Cermuk” suyundan içməsi nəticəsində onun qida borusunda və mədəsində problem yaranıb. Buna görə də əvvəlcə yerli xəstəxanaya göndərilib, sonra xüsusi təyyarə ilə son dərəcə ağır vəziyyətdə Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna aparılıb. Lakin təqaüdçünün daxili xəsarətləri çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı suyun tərkibində sirkə olması müəyyənləşib. Buna görə də məhsulun idxalı və ixracı dayandırılıb. Daxili İşlər Nazirliyi, Prokurorluq və “Rospotrebnadzor”un birgə göstərişinə əsasən, hazırda hakimiyyət “Cermuk” mineral suyunu satışdan çıxarmağa başlayıb. Artıq Şimali Osetiya ərazisində 24 bağlama “Cermuk” suyu araşdırma üçün götürülüb, zəruri əməliyyat tədbirləri davam etdirilib. Bu mineral suyu satan sahibkarlara satışı dayandırmaq tövsiyə olunub.
“Rospotrebnadzor”, həmçinin vətəndaşlardan istehsal tarixi 28 dekabr 2023-cü il olan 0,5 litrlik şüşə qablarda “Cermuk” mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytları barədə məlumat vermələrini xahiş edib.
Bir sözlə, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti əməkdaşları tərəfindən hazırda pərakəndə satış və ictimai iaşə obyektlərində “Cermuk” mineral suyuna nəzarəti gücləndirilib. Vətəndaşların həyat və sağlamlığına zərər dəyməməsi üçün bütün tədbirlər görülüb, mineral suyun 2,5 milyon butulkaya yaxın fərdi partiyalarının satışı artıq dayandırılıb.
Erməni mediası isə bununla bağlı Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun məlumatını yayıb. Məlumatda “Cermuk” mineral suyunun 2001-ci ildən Rusiyaya ixrac edildiyi, həcminin tədricən 350 min litrdən 15 milyon 273 min litrə çatdırıldığı, bununla bərabər, idxal edilən hər bir su partiyasının Avrasiya İqtisadi İttifaqının texniki reqlamentinə uyğun gəldiyi, indiyədək bu mineral sudan zəhərlənmə faktının qeydə alınmadığı da vurğulanıb.
Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun iddiasına görə, “Cermuk”un təkcə Rusiyaya yox, ABŞ, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Avropa İttifaqı və digər ölkələrə ixracı 23 il ərzində 10 dəfə artıb. Adıçəkilən qurum, həmçinin ötən 23 il ərzində ölkədən ixrac edilən mineral sudan indiyədək zəhərlənmə faktı qeydə alınmadığından “Cermuk”un müəyyən su partiyalarının satışının dayandırılması barədə “Rospotrebnadzor”in bu qərarını təəccüblə qarşılandığına diqqət çəkib. Eyni zamanda, sözügedən mineral suyun satışının dayandırılması ilə bağlı Rusiyanın səlahiyyətli orqanlarından bildiriş almadığını da qeyd edib.
Xatırladaq ki, Kəlbəcər rayonunun işğalı dövründə Ermənistan bu ərazidə yerləşən bütün təbii sərvətləri – faydalı qazıntıları istismar edib, nəinki Kəlbəcərdən, həm də Qarabağın bütün ərazisindən təbii resursların qanunsuz ixracını həyata keçirib. Ermənistan yataqlardan Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutqun, Mozçay, Qoturlusu mineral müalicəvi suları müxtəlif ölkələrə satıb.
Mütəxəssislər bildirirlər ki, Rio de Janeyro bəyannaməsinə əsasən, müharibələr ətraf mühitə mənfi təsir göstərməməlidir. Ona görə də ölkələr silahlı münaqişələr zamanı ətraf mühiti müdafiə edən beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar. Lakin Ermənistan Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxladığı dövrdə bu tələbləri yerinə yetirməyib, belə bir ekoloji terror yolu ilə nəinki Azərbaycana, hətta bütün bölgəyə ciddi zərər yetirib.
Bu gün ixraca yönəltdiyi “Cermuk”u “qaydalara uyğun istehsal” etdiyini israrla bildirən Ermənistana xatırlatmaq lazımdır ki, hələ 2007-ci ilin martında ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) bu məhsulda kəskin miqdarda zəhərli arsen maddəsi aşkarlamış və məhsulu geri qaytarmışdı. FDA-nın açıqlamasına görə, insanda xərçəng xəstəliyinə gətirib çıxaran arsen sözügedən mineral sularda 500-600 mikroqram səviyyəsindədir ki, bu da 1 litr üçün 10 mikroqram standartını dəfələrlə üstələyir. Ermənistan o vaxt da belə bir dəyərləndirməni danmışdı. “Arzni Mineral Sular” QSC-nin direktoru Armen Mkrtçyan “şirkətin məhsullarında arsen tərkibi Ümumdünya Səhiyyə Təşkilatı standartlarına tamamilə uyğundur”,–deyə bildirmişdi.
Mütəxəssislər bildirirlər ki, arsen də, sirkə turşusu da insan sağlamlığına çox zərərli maddələrdir. Sirkə turşusunun orqanizmə nüfuzu dərhal, arsenin təsiri isə tədricən baş verir, hər ikisi də ölümcüldür. Sirkə turşusundan zəhərlənmə həzm sisteminə, tənəffüs yollarına ciddi ziyan vurur, qanda turşuluq miqdarını ölümcül dərəcədə artırır, dəri və gözlərə yandırıcı təsir göstərir. Kəskin arsen zəhərlənməsinin simptomları isə ürəkbulanma, qusma və ishaldır. Zəhərlənmə böyrəklər, qaraciyər, dəri, ürək-damar və sinir sistemlərini bir neçə gündən bir neçə həftəyədək sıradan çıxarır.
“Cermuk” mineral suyuna zəhərli arsen isə şəlalənin yaxınlığında (cənub-şərqində), Arpaçay-Bazarçay vadisində yerləşən “Amuldağ” qızıl yatağından qarışır. Mütəxəssislər onun bağlanması zərurətini dəfələrlə dilə gətirsələr də, yatağın fəaliyyəti nəticəsində ətraf mühit, eləcə də yeraltı sular arsen və digər zəhərli maddələrlə çirklənir.
“Environmental Protection First” (EPF) Koalisiyası bildirib ki, heç bir ekoloji standartlar gözlənilmədən Ermənistanda Amuldağ (Amulsar) yatağının istismarı yeraltı suları zəhərləyir, ağır metal tərkibli mədən tullantıları İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur.
Bir neçə il əvvəl ABŞ-ın Dərman və Qidaya Nəzarəti üzrə Federal Agentliyi Ermənistandan gətirilən “Cermuk” mineral suyunun tərkibində ağır metal olan arsenin normadan 50 dəfə çox olduğunu müəyyənləşdirmişdi. Bundan sonra həmin mineral suyun satışı ABŞ-da, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə Avropa ölkəsində də qadağan edilmişdi.
Onu da qeyd edək ki, Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını da çirkləndirir. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ (Amulsar) yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir.
V.BAYRAMOV
SİYASƏT
Heydər Əliyev və türk dünyası
Ümummilli lider, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmləndirilməsində, daxili və xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində misilsiz rolu olmuşdur. Ulu öndərin müəyyən etdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın xarici ölkələr, xüsusilə türk dövlətləri ilə dostluq və qardaşlıq münasibətləri yeni məcrada uğurla inkişaf etdirilmişdir.
Tarixdən məlumdur ki, müəyyən dövrlərdə türk dövlətləri arasında əlaqələr subyektiv səbəblərdən qırılmışdır. Ələlxüsus da sovet dönəmində müəyyən dövrləri nəzərə almasaq, Türkiyə ilə münasibət, demək olar ki, olmamışdır. Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə münasibətlər isə İttifaq tərkibində sovet respublikaları olduğuna görə saxlanılmışdır.
SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqil türk dövləti kimi dünya ictimaiyyəti tərəfindən tanınsa da, beynəlxalq aləmdə nüfuz qazana bilməmişdi. Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Prezident Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı.
Ulu öndərin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı. Bütün bunlar Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yeni təməl üzərində qurulmasında və bütövlükdə türk dünyası qarşısında tarixi xidməti idi.
1996-cı il mayın 27-də “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin, 1997-ci ildə Qırğızıstanla ticarət-iqtisadi əməkdaşlığa dair sazişin, həmin ilin iyun ayında Qazaxıstana rəsmi səfər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə və Qazaxıstan neftinin beynəlxalq bazarlara daşınmasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə qarşılıqlı faydalı əməkdaşlıq quruldu.
Türkmənistan Respublikası ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi diqqət yetirən Ulu öndər 1994-cü ilin oktyabr ayında bu ölkəyə də rəsmi səfər etdi. Türkmənistan Prezidenti Saparmurad Niyazov da 1996-cı ilin mart ayında Bakıda rəsmi səfərdə oldu. Bu səfərlərin nəticəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra vacib sənədlər imzalandı və mühüm məsələlərə dair ümumi razılaşma əldə olundu. Sonrakı illərdə digər sahələrdə də əlaqələr tənzimləndi və münasibətlərin yeni təməl üzərində inkişafı üçün zəmin yarandı.
Bütün bunlar onu göstərir ki, türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin xüsusi tarixi rolu danılmazdır. Heydər Əliyev Azərbaycan Respublikasının türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin çoxtərəfli əsasda (TÜRKSOY, türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları, türk dövlət başçılarının zirvə görüşləri) həyata keçirilməsində müstəsna rol oynamış, hərtərəfli əlaqələrin qurulub inkişaf etdirilməsi üçün bütün imkanları səfərbər etmişdir.
Ulu öndərin yorulmaz siyasi fəaliyyəti nəticəsində beynəlxalq diplomatik-siyasi münasibətlərin inkişafında mühüm addımlar atılmış, bu münasibətlər yeni təməl üzərində qurulmuş, ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə sənədlər imzalanmışdır. Heydər Əliyevin 1998-ci ilin fevral ayında Türkiyəyə səfəri isə dövlətlərarası əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edirdi.
Həmin ilin sentyabr ayında TRASEKA proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşündə Ulu öndər türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışdır. Hər iki ölkə prezidenti türk dünyası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs edərək türk dövlətlərinin problemlərini müzakirə etmişlər.
Prezident Heydər Əliyev türk dünyasının möhkəmlənib inkişaf etməsi ilə bağlı qeyd etmişdir: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
“Biz bir millət, iki dövlətik” şüarını rəhbər tutan Ulu öndər türk dövlətləri arasında beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini öz siyasi fəaliyyəti ilə sübut etmişdir. Dövlətlərarası qarşılıqlı münasibətlərin ən mühüm məsələləri Türkiyə dövlət və hökumət nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı geniş müzakirə edilmişdir. Ulu öndər Türkiyə ilə diplomatik-siyasi münasibətlərin möhkəmləndirilməsinə Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi baxmışdır.
Ölkəyə rəhbərlik etdiyi dövrdə daim türk dövlətləri ilə səmimi münasibətlər yaradan, türk dünyası arasında birliyin təmin olunmasına xüsusi önəm verən Ulu öndər Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair yaradılmış beynəlxalq konsorsiumda da Türkiyənin fəal iştirakına çalışırdı. Böyük rəhbər Xəzər dənizinə türk dövlətlərini birləşdirən amil kimi baxır və enerji ehtiyatları sahəsində onların əməkdaşlığını yüksək qiymətləndirirdi. O, hesab edirdi ki, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan–Türkiyə münasibətlərinə bir sıra siyasi üstünlüklər verir. 1998-ci il oktyabrın 29-da Ankarada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə dair bəyannamənin imzalanması Heydər Əliyevin türk dünyası qarşısında mühüm tarixi xidmətidir.
1999-cu ildə Ümummilli lider Heydər Əliyevə sülh uğrunda apardığı mübarizəyə görə “Beynəlxalq Atatürk Sülh Mükafatı” təqdim olunmuşdur. Ulu öndər özü də dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər verir, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab edirdi. Bu məqsədlə də 2001-ci ildə Bakıda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır.
Türk dünyası dövlətləri ilə qurulan beynəlxalq əlaqələrin elmi-nəzəri, tarixi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini daima vurğulayan Ulu öndər türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat TÜRKSOY-un fəaliyyətinə də xüsusi qayğı göstərmişdir.
Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələr də yüksək səviyyədə inkişaf etdirilmişdir.
Hazırda Ulu öndərin bu siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun Türk Dünyası Dövlətlərinin birliyi, qardaşlığı və həmrəyliyi uğrunda gərgin və yorulmaz fəaliyyəti öz bəhrəsini verməkdədir. Prezident özü bu barədə Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında bildirmişdir: “Türk dünyası böyük dünyadır. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bugünümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.
Ulu öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı inamla zəfərlərə doğru apardı və indi də aparmaqdadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının birliyi, həmrəyliyi ilə bağlı fikirləri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətində təsdiqini tapmaqda və bütün sahələrdə öz töhfəsini verməkdədir.
Sultanəli QURBANOV,
YAP Səbail “Ü.Hacıbəyli–68” ərazi təşkilatının sədri