MANŞET
Azərbaycanlıların petisiyası Fransa saytının diqqətində
Fransanın “Megazap” saytı öz nəşrində azərbaycanlıların Senata və Fransa xalqına ünvanladığı petisiyaya toxunub.
Bu barədə Caliber.Az yazır.
“Mülki diplomatiya müasir dünyada hələ də aktualdır. Fransa Senatına ünvanlanan petisiya bir çox insanın marağına səbəb olub. Petisiya oktyabrın 11-də Fransanın “Mesopinions” petisiya saytında yerləşdirilib və indiyədək 100 000-dən çox imza toplayıb. Petisiyanın əsas məqsədi Senatda baxılması üçün təklif olunan Azərbaycan əleyhinə qətnaməyə etirazdır.
İndiyə qədər heç vaxt Azərbaycanı rəsmi şəkildə təmsil etməyən sadə vətəndaşlar Fransanın parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bizi buna 2022-ci il oktyabrın 3-də Senatın altı üzvünün təklif etdiyi və baxılması noyabrın 15-nə təyin edilmiş anti-Azərbaycan qətnaməsi vadar edib.
Bu sənəddə ölkəmizə, deməli, bizə qarşı ittihamlar var, həmçinin Fransa hökumətinə və digər Aİ ölkələrinə Azərbaycan qazı və neftinin idxalına qarşı sanksiyalar tətbiq etməyə çağırış edilib.
Bu, Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli yanaşmadır. Qətnamə müəllifləri yalnız bir tərəfin – ermənilərin maraqlarını müdafiə edirlər. Eyni zamanda qarşı tərəfin qurbanlarına, iztirablarına, istəklərinə tamamilə etinasız yanaşır, həmişə biz azərbaycanlıları günahkar sayırlar. Bir millətə bu cür üstünlük vermək, digər millətə qarşı ayrı-seçkilik etmək etnik dözümsüzlüyün və irqçiliyin ictimai təzahürü hesab olunur!
Anlamağa çalışın ki, Ermənistan-Azərbaycan münaqişəsi sizə təlqin etmək istədiklərindən qat-qat mürəkkəb ziddiyyətlər, travmalar və incikliklər zənciridir. Fransanın birtərəfli qavrayışdan qurtulması və daha balanslı mövqe tutması çox vacibdir”, – deyə fransız saytı azərbaycanlıların petisiyasına münasibət bildirib.
Qeyd edək ki, azərbaycanlıların Senata və Fransa xalqına ünvanladığı petisiya “Mesopinions” saytında indiyədək yerləşdirilmiş xarici mövzularda ən rezonans doğuran petisiyaların ilk beşliyinə daxil olmasına baxmayaraq, Fransa mediasının əksəriyyəti buna məhəl qoymayıb. Bu da Fransa tərəfinin Azərbaycana qarşı qərəzli yanaşmasından xəbər verir.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
DİN valideynlərə müraciət etdi
Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Övladlarınızın internetdə təhlükəsizliyini təmin etmək üçün yalnız sizin nəzarətiniz altında internetdən istifadəsinə icazə verin. Uşaqlarınızın internetdə oynadıqları oyunlar haqqında məlumatlı olun.
Şifrə olaraq, mürəkkəb şifrə seçməkdə uşaqlara yaxından kömək edin” , – deyə müraciətdə bildirilib.
MANŞET
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
CƏMİYYƏT
Sabahın HAVA PROQNOZU – 02.05.2024
Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.