HƏRBİ
Bu gün Daxili Qoşunların yaranma günüdür
Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 31 il ötür.
1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.
1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib.
1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.
DQ-lar Azərbaycanın Daxili İşlər Nazirliyinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir.
Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur.
Daxili Qoşunların hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində savaşıblar.
Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayının şəxsi heyəti tərəfindən azad edilib və müdafiə olunub.
1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olub, beş nəfər itkin düşüb, 1177 nəfər isə yaralanıb. Səkkizi ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanmışdır, 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Daxili Qoşunların hal-hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Hal-hazırda ümumi olaraq Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.
Daxili Qoşunların Komandanı 2013-cü il noyabrın 15-dən general-leytenant Şahin İsgəndər oğlu Məmmədovdur, Qərargah rəisi 2018-ci il fevralın 15-dən general-mayor Tofiq Vaqif oğlu Hüseynovdur.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qurumun yaydığı videoçarxdan məlum olur ki, komandoların daimi təlim və məşğələləri təşkil olunur.
Hazırda isə komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələləri keçirilir. Məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.
Komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazanan komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.
HƏRBİ
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar müxtəlif fəaliyyətlər icra ediblər.
“Taktiki fəaliyyətlər zamanı xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirdikdən sonra gecə qaranlığında şərti düşmənin arxasına sızaraq mövqelərə basqın tapşırığını icra ediblər. Təlimdə şəxsi heyətin sıldırım qayalıqlara dırmanaraq dağdan iplərlə enməsi, eyni zamanda, ekstremal şəraitdə yaralıların qayalıqlardan təxliyə edilməsi məşq etdirilib. Xüsusi təyinatlı bölmələr düşmən dərinliyində çətin relyefli şəraitdə, qarlı və meşəlik ərazidə düşmənlə qəfil qarşılaşma, düşməndən uzaqlaşma fəaliyyətlərini yerinə yetiriblər. Taktiki-xüsusi təlimdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi həyata keçirilib”, – məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, qarlı-şaxtalı havalarda şəxsi heyətin xizəksürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
HƏRBİ
Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – nazirlik açıqlayıb.