HƏRBİ
İranın hərbi təyyarəsi sərhədimiz üzərində uçuş keçirib: Azərbaycan tərəfi nota verdi
11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi ilə Xarici İşlər Nazirliyinin yaydığı birgə məlumatda bildirilib.
“Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.
Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir.
İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi.
İran tərəfini bu cür təhrikçi addımına görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq”, – deyə məlumatda bildirilib.
Martın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.
Digər xəbərlərə də bax
HƏRBİ
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Azərbaycan Ordusunun komando bölmələrinin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qurumun yaydığı videoçarxdan məlum olur ki, komandoların daimi təlim və məşğələləri təşkil olunur.
Hazırda isə komandoların kəşfiyyat cığırını dəf etməsi məşğələləri keçirilir. Məqsəd komandoların fiziki hazırlığının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması və onların özlərinə inamı, real döyüş şəraitində edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.
Komando bölməsinin döyüşçüsü bildirib ki, düşmən üzərində mütləq qələbə qazanan komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.
HƏRBİ
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) 2024-cü ilin döyüş hazırlığı planına əsasən, xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinəyetirmə bacarıqlarının və həyatdaqalma vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar müxtəlif fəaliyyətlər icra ediblər.
“Taktiki fəaliyyətlər zamanı xüsusi təyinatlılar xəritə üzərində tapşırıqları dəqiqləşdirdikdən sonra gecə qaranlığında şərti düşmənin arxasına sızaraq mövqelərə basqın tapşırığını icra ediblər. Təlimdə şəxsi heyətin sıldırım qayalıqlara dırmanaraq dağdan iplərlə enməsi, eyni zamanda, ekstremal şəraitdə yaralıların qayalıqlardan təxliyə edilməsi məşq etdirilib. Xüsusi təyinatlı bölmələr düşmən dərinliyində çətin relyefli şəraitdə, qarlı və meşəlik ərazidə düşmənlə qəfil qarşılaşma, düşməndən uzaqlaşma fəaliyyətlərini yerinə yetiriblər. Taktiki-xüsusi təlimdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi həyata keçirilib”, – məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, qarlı-şaxtalı havalarda şəxsi heyətin xizəksürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
HƏRBİ
Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – nazirlik açıqlayıb.