TEXNOLOGİYA
Daha bir neçə şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-İsmayıllı, Bakı-Cəlilabad, Bakı-Siyəzən, Bakı-Qusar və Bakı-Xudat şəhərlərarası müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Nazirlikdən verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Müsabiqədə Azərbaycanda qeydiyyatda olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilərlər. Sənədlər bu gündən başlayaraq 30 gün müddətində AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5, əlaqələndirici şəxs: Ramil Musayev – tel.: 012-567-99-76, 055-512-34-97, e- poçt: ramil.musayev@ayna.gov.az) qəbul ediləcək.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Qusar-Bakı istiqamətində 11, Bakı-Şabran-Bakı istiqamətində 5, Bakı-Siyəzən-Bakı və Bakı-Xudat-Bakı istiqamətlərində hərəsində 3, Bakı-Cəlilabad-Bakı istiqamətində 2, Bakı-Oğuz-Bakı, Bakı-Göyçay-Bakı və Bakı-İsmayıllı-Bakı istiqamətlərində hərəsində 1 Lot üzrə baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.
Digər xəbərlərə də bax
MANŞET
Sabahdan Azərbaycan telekanalları yeni TV standartına keçir
Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramları martın 16-sı saat 01.00-dan etibarən HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.
Bu barədə Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, məqsəd dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq ölkədə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.
Vurğulanıb ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.
MANŞET
Bakı və Abşeronda yeni yerüstü sınaq televiziya yayımına başlanılır
Martın 16-sı, saat 01:00-dan etibarən Bakı Teleqüllə Kompleksi vasitəsilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində ikinci nəsil DVB-T2 standartlı yerüstü sınaq televiziya yayımına başlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumata görə, bu, dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, Azərbaycanda daha keyfiyyətli televiziya yayımının tətbiqi məqsədi daşıyır.
Sınaq yayım 34-cü (578 MHs tezlikdə) və 37-ci (602 MHs tezlikdə) televiziya kanallarında HD formatında həyata keçiriləcək.
Sınaq müddətində DVB-T2 standartını dəstəkləməyən qəbuledicilərə sahib olan əhali qrupunun yerüstü televiziya yayımını qəbul etmək imkanının saxlanılması üçün 48-ci (690 MHs) televiziya kanalında DVB-T standartında SD formatında televiziya yayımı davam etdiriləcək.
Buna qədər 2023-cü ilin mayın 15-də saat 01:00-dan saat 02:00-dək yayımın texniki parametrlərinin yoxlanılması məqsədilə 1 saat müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir neçə televiziya proqramının DVB-T2 standartında sınaq yayımı uğurla başa çatıb.
Qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə 2004-cü ildə DVB-T standartlı rəqəmsal televiziya yayımı Azərbaycanda həyata keçirilib.
Sonrakı illərdə bütün ölkə ərazisində bu standart əsasında rəqəmsal televiziya yayımı təmin edilib və 2016-cı ildə analoq televiziya yayımından rəqəmsal televiziya yayımına tam keçid edilib.
Bildirilir ki, DVB-T ilə müqayisədə təxminən 50 % daha geniş spektrə malik olan DVB-T2 standartının Azərbaycanda tətbiqi gələcəkdə ultra HD və 4K kimi daha yüksəkkeyfiyyətli yerüstü televiziya yayımının həyata keçirilməsinə imkan verəcək.
TEXNOLOGİYA
Azərbaycanda 13 000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb
Azərbaycanda kiberdələduzluq nəticəsində 13000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması və baş vermiş kiberhücumların araşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırıb.
Araşdırma nəticəsində son iki ay ərzində kiberdələduzların ələ keçirdiyi 13 000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.
ETX vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir. Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.