ELM VƏ TƏHSİL
Şəki şəhərində “Sərhəd” hərbi-idman oyunlarının rayon birinciliyi keçirilib – FOTOLAR
Şəki şəhərində “Sərhəd” hərbi-idman oyunlarının rayon birinciliyi keçirilib.
ShekiMedia.az xəbər verir ki, birincilik martın 6-da sərhədyanı kənd məktəblərinin komandalarının iştirakı ilə N saylı Sərhəd Zastavasında keçirilib.
Yarışda 4 komanda üzrə 20 nəfər X sinif şagirdləri 7 mərhələ üzrə qalib adı uğrunda mübarizə aparıb.
Onlardan 1-ci yerə -Kiş kənd 1 saylı tam orta məktəbin Şimşək komandası (29.5 bal), 2-ci yerə – B.Zəyzid kənd tam orta məktəbin Qartal komandası (27.5 bal), 3-cü yerə – Vərəzət kənd tam orta məktəbin Zirvə komandası (16.5 bal) çıxıb.
Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Qeyd edək ki, “Sərhəd” hərbi-idman oyunları Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq respublikamızın sərhəd zonasında yerləşən ümumtəhsil məktəblərinin 10-cu sinif şagirdləri arasında təşkil edilir.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.
Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazir Tekin Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (QİK) 11-ci Dövr Toplantısı münasibətilə Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, nazirlərin görüşündə “iki ölkə arasında davam edən və planlanan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb”.
ELM VƏ TƏHSİL
Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür
Bu gün tanınmış pedaqoq və təhsil işçisi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayevin doğum günüdür.
O, 8 may 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1967 – 1977-ci illərdə əvvəl Nuxa/Şəki şəhər 16 №-li ibtidai məktəbində, sonra Şəki şəhər 11 №-li orta məktəbində, daha sonra isə Maksim Qorki adına Şəki şəhər 10 №-li orta məktəbdə, 1977 – 1982-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1982-ci ilin sentyabr ayından M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində müəllim, 1987-ci ilin sentyabr ayından Şəki Şəhər Təhsil Şöbəsində məktəblər üzrə inspektor (məsləhətçi), 2005-ci ilin mart ayından 2011-ci ilin iyul ayına qədər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 №-li tam orta məktəbinin direktoru, 2011-ci ilin iyul ayından isə Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 29 dekabr 2021-ci il tarixdən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, 2022-ci ilin may ayından Şəki rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib. 2023-cü ilin fevral ayından Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisidir.
“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2021), Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı (2021) ilə təltif olunub.
Ailəlidir, 2 övladı və 4 nəvəsi var.
ELM VƏ TƏHSİL
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA), Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.
MEDİA-dan bildirilib ki, “eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.
Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun “iştirak” və ya “müvəffəqiyyət” sertifikatı əldə edir.
Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.
Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.