ELM VƏ TƏHSİL
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı imtahanın nəticələri açıqlanıb
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) üzrə martın 17-də keçirilən imtahanın nəticələri elan olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd edilib ki, 17 mart 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.
Namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 219 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 21, BB2 altqrupu üzrə 37, BB3 altqrupu üzrə 40, BB4 altqrupu üzrə 46 nəfər olmaqla, ümumilikdə 144 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 19 mart saat 10:00-dan 21 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
Ankarada səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev türkiyəli həmkarı Yusuf Tekinlə görüşüb.
Bu barədə Türkiyənin Milli Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazir Tekin Türkiyə-Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (QİK) 11-ci Dövr Toplantısı münasibətilə Türkiyədə səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb”, – mətbuat xidməti diqqətə çatdırıb.
Qeyd olunub ki, nazirlərin görüşündə “iki ölkə arasında davam edən və planlanan təhsil əməkdaşlığı mövzularında fikir mübadiləsi aparılıb”.
ELM VƏ TƏHSİL
Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür
Bu gün tanınmış pedaqoq və təhsil işçisi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayevin doğum günüdür.
O, 8 may 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1967 – 1977-ci illərdə əvvəl Nuxa/Şəki şəhər 16 №-li ibtidai məktəbində, sonra Şəki şəhər 11 №-li orta məktəbində, daha sonra isə Maksim Qorki adına Şəki şəhər 10 №-li orta məktəbdə, 1977 – 1982-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1982-ci ilin sentyabr ayından M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində müəllim, 1987-ci ilin sentyabr ayından Şəki Şəhər Təhsil Şöbəsində məktəblər üzrə inspektor (məsləhətçi), 2005-ci ilin mart ayından 2011-ci ilin iyul ayına qədər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 №-li tam orta məktəbinin direktoru, 2011-ci ilin iyul ayından isə Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 29 dekabr 2021-ci il tarixdən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, 2022-ci ilin may ayından Şəki rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib. 2023-cü ilin fevral ayından Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisidir.
“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2021), Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı (2021) ilə təltif olunub.
Ailəlidir, 2 övladı və 4 nəvəsi var.
ELM VƏ TƏHSİL
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA), Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.
MEDİA-dan bildirilib ki, “eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq, media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.
Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris olunur. Hər modulun və ümumi təlimin sonunda müvafiq olaraq özünüqiymətləndirmə testini və sertifikat imtahanını verən iştirakçı nəticəyə uyğun “iştirak” və ya “müvəffəqiyyət” sertifikatı əldə edir.
Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim olunan kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.
Onlayn kurs media sahəsində biliklərini təkmilləşdirmək istəyən şəxslərə zaman və məkan məhdudiyyəti olmadan rahat funksionallıq, öyrəndiklərini yoxlama və sertifikat qazanma imkanı təklif edir.