YAZARLAR
O bir şəhid sevdi…
Cümə günü idi. Sərin və bir az mehli. Otağın qapısını kiliddən aralayıb yenicə içəri girirdim ki, pəncərədən həyətdə dayanıb vurnuxan qıza gözüm sataşır. Kabinetə əl gəzdirirəm. Şüşəli dolabı açıb dünəndən masamın üstündə qalmış qovluqları yerləşdirirəm. Komputerin arxasına keçib e-maili yoxlamaq istəyəndə tanımadığım o qızın qapıda dikildiyini görürəm. Aralı qalmış qapının arxasından bükük boynu ilə ürək ağrıdan mənzərə yaradır. Əynində lap yuxarıdan düymələnmiş yaxalıqsız köynək, arıq bədənindən süzülüb belində ilişmiş şalvar var idi. Hiss olunur ki, özünəqapalı adamdı. Qara saçları tən ortadan ayrılıb, çiynindən aşağı tökülüb. Bir neçə dəqiqə qızı süzürəm və dillənməsini gözləyirəm. Eləcə baxır.
Buyurun , sizə necə kömək edə bilərəm?
Gülümsəyən üzümü görəndə bir az ürəklənir. Asta addımlarla bir az da qabağa gəlir. Nədənsə danışmağa cəsarət tapa bilmir. Səbrlə onu süzürəm. Onun gözləri pəncədən ağacın budağında oturub civildəşən bir cüt sərçəyə dikilir. Sonra iri qara gözlərindən yaş süzülməyə başlayır.
Onun gəlişini, duruşunu sorqulaya bilmirəm. Əl atıb salfetkanı ona uzadıram. Nəhayət, səsini çıxardır:
“Çox sağ olun”
-Buyurun.
-Qırıq-qırıq səslə davam edir.
Heç bilmirəm özümü necə təqdim edim, nə istədiyimi necə dilə gətirim.
Mən sizə kömək etməyə çalışaram, buyurun , deyin görək sizə nə lazımdır?
Şəhid!
Şəhid??
Mən təəccüblə onun gözlərinin içinə baxıram. Gözəl gözləri var. Onun gözləri hamınınkından fərqli idi. Yüklü və qəmli. Bir az da nəmləndiyi üçün parlaqlığı artıb. Kiprikləri islanıb cütləşib. Yavaşca şəhidin adını pıçıldayır… (anonim qalmağını xahiş edir)
O an deyəsən bir balaca vəziyəti anlayıram. Bütün bədənimi qəribə bir hiss bürüyür. Təkrar şüşəli dolaba yaxınlaşıram. Əl atıb Şəhidlərin şəxsi mənşəli sənədləri toplanmış qovluqları bir –bir ayırıram. Qırmızıların içərisində idi. (Qovluqları üç rəngdə- göy, qırmızı, yaşıl hazırlamışdıq) seçdiyim qovluğu tanımadığım qıza uzadıram. Onun əlləri əsir. Qovluğu tutan kimi sinəsinə basır. Hönkür-hönkür ağlamağa başlayır. Arıq bədəni tir-tir əsir. Sonra bir-bir vərəqləyir. Hər vərəqi öpük-öpük eləyir. Uzun incə barmaqları ilə şəhidin şəkillərini sığallayır. Onun hönkürtüsü ürəyimi dağlayır. Dinmək istəyirəm amma onun sevgilisinin xatirələri ilə daldığı xəyal buludunu dağıtmaq istəmirəm. Səssiz-səssiz izləyirəm. Şəkilləri qoxlayır, şəhidin əlyazması olan dəftərə çatan kimi cəld onu qovluqdan çıxardır. Deyəsən ona lazım olan bu dəftər idi. Hər vərəqini oxuyur. Gözlərindən süzülən yaş dənəsi vərəqin üstündə bir iki saniyə yumurlanıb kağızın canına hopur. Elə bu an gözüm oradakı sözləri oxuyur. “Sevgilim, saçlarının ətrini səngərdəki torpaqdan alıram. Burada mənə hər yer sənin qucağındır. Belə düşünməsəm yaşaya bilmərəm” növbəti vərəqdə isə “ Aramızda bunca şəhərlər varkən necə yanımda hiss edilə bilərsən” yazırdı. Vərəq-vərəq sevgi düzülüb dəftərə. Qəhrəman ürəyindən süzülən sevgi…
Gözləri ürkək-ürkək qapıya baxır kiminsə gəlməsindən ehtiyat edir. Hiss olunur ki, onun arxivə gəlişini heç kim bilmir. Bir ayağı tələsir, bir ayağı gecikir, ürəyi isə arxivdə qalmaq istəyir.Yavaşca qapıya yaxınlaşıram. Arxadan kilidləyirəm. Baxışları ilə razılığını bildirir. Səssiz-səssiz anlaşırdıq onunla. Mən ilk dəfə idi ki, bir insanın yalnız gözlərinin yox, bütün bədəninin ağladığını görürdüm. Onu zərrə-zərrə hiss edirdim. Duyğularına qarışıb məhv olurdum. Bu nə taledir , İlahi yaşadırsan gənclərimizə deyib bir anlıq üsyan edirəm ürəyimdə. Mən şəhid ailələri ilə görüşüb sənədləri toplayarkən darıxan ürəklərlə tanış oldum. Amma bu qızın ürəyi kimi darıxan ürək ilk dəfə görürəm. Bəlkə də yanında ağladığı ilk adam mən idim. Gizlin-gizlin çəkib həsrət yanğısını. Yığılıb onu boğan hər nə var idi içində hamsını bu ana saxlayıb. Qolumda güc toplayıb əlimi onun çiyninə aparıram.
Darıxma , o cənnətdə səni gözləyir. Bir gün mütləq qovuşacaqsız. (Guya təsəlli etmək istəyirəm)
Sanki, bu sözü eşidəcəyini bilir. Cavabı hazır idi.
Mən cənnətə inanmıram. Allaha da küskünəm. Axı niyə? Niyə çox gördü sevgimizi? Niyə qıydı bizə?
O təkrar hıçqırıqlara boğulur. Başını çiynimə qoyub elə ağlayır ki…
İlahi, mən bu səhnəni təsvir edə bilmirəm…
Onun həyəcanı mənim bədənimi sirkələyir. Ilk dəfə idi ki, səsim tutulub, təsəlli etməyə söz tapa bilmirəm. Həqiqətən şəhid dağının təsəllisi yox imiş! Elə hiss edirdim ki, payız vurub yarpaqları solmuş bir ağacam. Kimsə bu ağacı tutub silkələyir. Yarpaqları öz xoşuna tökülməyə qoymadan topa-topa qoparıb yerə tökür…
Boğuq səslə davam edir:
Mən balaca olanda nənəm atasının müharibəyə gedişini, sonra qara kağız aldıqlarını bizə danışardı. Elə maraqla dinləyərdim ki… Müharibəni dadmadığım üçün şirin gələrdi onun anlatdıqları. Indi bəlkə sizə də mənim anlatdıqlarım….
Mən əllərimi onun dodaqlarının üstə qoyub : “sus!” deyirəm. O susur. Sarılıb ağlayırıq. Sonra başını çiynimdən qaldırıb divardakı saata baxır. “Mən getməliyəm” deyir.
Nə vaxt istəsən gəl.
Gəlim? Doğrudan olar darıxanda gəlim?
Əlbətdə , olar.
Təşəkkür edib gedir. Tanımadığım o qız tanımadığım (bu günəcən tanıdığımı zənn edib yanıldığım) kədəri öyrətdi mənə.
…Ötən gecə yenə şəhid xəbəri gəldi. Çərşənbə axşamından bəri bütün Azərbaycan yenə matəmə qərq olub. Sentyabr ayında təbiət bozarmış, səmada qaçqın buludlar arabir Günəşin üzünü açıb bağlayır. Günortaya az qalmış olsa da işıq tutqundur. Pəncərədən o qız gedən yola baxıram. Bir –iki yarpaq havada uçuşur. Ötən ilki kimi bu payız da gəncliklər yarpaqlardan öncə solur. Gözlərim özüm kimi gücdən düşmüş bir göyərçinə sataşır. Ağır-ağır daş döşəmənin üstündə yeriyir. Göyərçin sülh xəbərçisidir deyib özümü aldatmaq istəyirəm. Anidən əsən küləyi qiyamətin nəfəsi kimi hiss edirəm. Qulaqlarımı tuturam. Küləyə pıçıldayıram: “ Vətənin pöhrələnən gəncliyini yarpaq-yarpaq soldurma” …
Nəsibə Nəsib qızı
Digər xəbərlərə də bax
SİYASƏT
Nikol Paşinyan yenə də “rəqs edir”
Amma indi Şuşada yox, Günbatanda
Armİnfo.am. xəbər portalında verilmiş ( 24 fevral 2024-cü il) “ Rusiya Federasiyası və KTMT ilə əlaqələrin qırılması, eləcə də, Yerevanın Qərbə meyillənməsi Ermənistan üçün məhvedici vəziyyət yarada bilər” adlı materilal işğalçı ölkənin bugünkü reallıqlarının qiymətləndirilməsi baxımından olduqca maraqlıdır. Bu ölkədəki Respublika partiyası idarə heyətinin üzvü, keçmiş deputat Eduard Şarmazanovun öz Facebook səhifəsində baş nazirin “Franse-24” telekanalına verdiyi müsahibə haqqında yazdığı ( yəni müsahibə deyil ki, kimsə fikirləri kontestdən çıxartmış olsun – İ.M.) analitik materiala istinad edən sayt Nikol Paşinyanın düşdüyü durumun acınacaqlı olduğunu bildirib.
Sayt yazır ki, tarix öz şəxsi həyatında baş verənlərdən dərs ala bilməyənlərə qarşı amansız olur. Şarmazanovun fikrincə, Nikol Paşinyan həmin müsahibədə Ermənistanın deyil, Ukraynanın maraqlarına xidmət etdiyini boynuna alıb. Siyasətçi soruşur: “Nikol Paşinyan, siz Ermənistanın təhlükəsizlik məsələlərini həll etmisiniz ki, indi Ukraynanın təhlükəsizliyinin qorunmasına qalxırsınız? Sizin Qərbin və Ukraynanın qarşısında bütün “rəqsləri ifa etməyiniz” azdırmı ki, indi də Kiyevin vəkili kimi çıxış edirsiniz? Deyirsiniz ki, Ukraynada baş verənlər Alma-Ata Bəyannaməsinin pozulmasıdır və bu, bizi çox narahat edir.
Eduard Şarmazanov öz ölkəsinin dövlət başçısına xatırladır ki, Azərbaycan bizim sərhədlərimizdə və təmas xətlərimizdə nə etmək istəyirsə, onu da reallaşdırır. Siz isə gedib Avropada Ukrayna üçün ağlayırsınız.
Erməni siyasətçinin baş nazirə daha bir maraqlı sualı var: “Siz kimsiniz? Bayden, Blinken, Şolts, Ərdoğansınızmı ki, o boyda böyük problemə – Ukrayna məsələsinə baş qoşursunuz? Siz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımısınız və soydaşlarınızın oradan köçməsini təmin etmisiniz. Bu dəhşət sizi narahat etməsə də, Ukrayna məsələsi sizi bərk həyəcanlandırır. Söhbət hansı Ukraynadan gedir, siz bilirsinizmi? Söhbət Azərbaycanın dostu və müttəfiqi olan, prezidenti Zelenski Qarabağdakı Zəfərə görə İlham Əliyevi təbrik etmiş Ukraynadan gedir, axı. O Ukraynadan ki, otuz il ərzində daim Qarabağın Azərbaycan ərazisi olduğunu iddia etmişdir. Gürcüstan rəhbərliyindən nümunə götürün və böyük problemlərə burnunuzu soxmayın”.
Yeri gəlmişkən, Ermənistan Milli Məclisinin müxalifətçi fraksiyasından olan deputatı Artur Xaçatryan da fevralın 26-da bəyan edib ki, İrəvan rəhbərliyinin NATO-nun “əlinə oynaması” və KTMT ilə münasibətlərin dondurulması Ermənistanı meydanda tək qoyacaq. Deputat bu fikirlərini Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana gözlənilən səfəri barədə danışarkən deyib. Müxalif siyasətçi Nikol Paşinyanı öz xalqına xəyanətdə ittiham etməkdən də çəkinməyib: “Mən istisna etmirəm ki, İlham Əliyev, Volodimir Zelenski və Nikol Paşinyan Qarabağ məsələsində tamamilə həmrəydirlər”.
Yəni, Nikol Paşinyan təkcə hərdəmxəyallığı, bu gün dediyini sabah təkzib etməsi, Şuşada şərab içib yatması, yerli-yersiz rəqsləri ilə deyil, həm də başı girməyən yerə bədənini də dürtmək cəhdləri ilə xalqının da gözündən düşür, dünya ictimaiyyətinin də. Ermənilər haqlı olaraq ondan soruşurlar: “Sənin Münxendə şadyanalıqla “İlham Əliyevlə danışdıq, Azərbaycan bizə hücum etməyəcək!”– deməyinlə, həmin gün axşamüstü Parisdən silah istəməyini necə anlamaq olar?”.
Yazıq Nikol, indi qalıb od ilə su arasında. Azərbaycan haqlıdır, Türkiyə güclüdür, Rusiya göz yaşlarına daha heç inanmır, ABŞ çox uzaqdadır, Fransa isə məkrli, kələkbaz və kəmfürsət. İndi Ermənistanı ya Suriyanın gününə düşmək gözləyir, ya da məhv olub getmək. Amma prezidentlər Heydər Əliyev də, İlham Əliyev də son 30 ildə onlara xilas yolunu dəfələrlə göstərmişdilər: “Dağılmış Paris” o xilasa imkan vermədi ki, vermədi. İndi öz cəzalarını çəkməlidirlər və çəkirlər.
İttifaq MİRZƏBƏYLİ
SİYASƏT
Moskva “Cermuk” suyundan niyə imtina etdi?
Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Ermənistanda istehsal olunan “Cermuk” (“Jermuk”) suyunun idxalının dayandırılması barədə qərar qəbul edib. Buna səbəb fevralın 12-də Şimali Osetiyanın paytaxtı Vladiqafqaz şəhər sakininin “Cermuk” suyundan içməsi nəticəsində onun qida borusunda və mədəsində problem yaranıb. Buna görə də əvvəlcə yerli xəstəxanaya göndərilib, sonra xüsusi təyyarə ilə son dərəcə ağır vəziyyətdə Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna aparılıb. Lakin təqaüdçünün daxili xəsarətləri çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar zamanı suyun tərkibində sirkə olması müəyyənləşib. Buna görə də məhsulun idxalı və ixracı dayandırılıb. Daxili İşlər Nazirliyi, Prokurorluq və “Rospotrebnadzor”un birgə göstərişinə əsasən, hazırda hakimiyyət “Cermuk” mineral suyunu satışdan çıxarmağa başlayıb. Artıq Şimali Osetiya ərazisində 24 bağlama “Cermuk” suyu araşdırma üçün götürülüb, zəruri əməliyyat tədbirləri davam etdirilib. Bu mineral suyu satan sahibkarlara satışı dayandırmaq tövsiyə olunub.
“Rospotrebnadzor”, həmçinin vətəndaşlardan istehsal tarixi 28 dekabr 2023-cü il olan 0,5 litrlik şüşə qablarda “Cermuk” mineral suyunun satışının qeydə alındığı pərakəndə satış məntəqələri və internet saytları barədə məlumat vermələrini xahiş edib.
Bir sözlə, Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti əməkdaşları tərəfindən hazırda pərakəndə satış və ictimai iaşə obyektlərində “Cermuk” mineral suyuna nəzarəti gücləndirilib. Vətəndaşların həyat və sağlamlığına zərər dəyməməsi üçün bütün tədbirlər görülüb, mineral suyun 2,5 milyon butulkaya yaxın fərdi partiyalarının satışı artıq dayandırılıb.
Erməni mediası isə bununla bağlı Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun məlumatını yayıb. Məlumatda “Cermuk” mineral suyunun 2001-ci ildən Rusiyaya ixrac edildiyi, həcminin tədricən 350 min litrdən 15 milyon 273 min litrə çatdırıldığı, bununla bərabər, idxal edilən hər bir su partiyasının Avrasiya İqtisadi İttifaqının texniki reqlamentinə uyğun gəldiyi, indiyədək bu mineral sudan zəhərlənmə faktının qeydə alınmadığı da vurğulanıb.
Ermənistanın Qida Təhlükəsizliyinə Nəzarət Qurumunun iddiasına görə, “Cermuk”un təkcə Rusiyaya yox, ABŞ, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Avropa İttifaqı və digər ölkələrə ixracı 23 il ərzində 10 dəfə artıb. Adıçəkilən qurum, həmçinin ötən 23 il ərzində ölkədən ixrac edilən mineral sudan indiyədək zəhərlənmə faktı qeydə alınmadığından “Cermuk”un müəyyən su partiyalarının satışının dayandırılması barədə “Rospotrebnadzor”in bu qərarını təəccüblə qarşılandığına diqqət çəkib. Eyni zamanda, sözügedən mineral suyun satışının dayandırılması ilə bağlı Rusiyanın səlahiyyətli orqanlarından bildiriş almadığını da qeyd edib.
Xatırladaq ki, Kəlbəcər rayonunun işğalı dövründə Ermənistan bu ərazidə yerləşən bütün təbii sərvətləri – faydalı qazıntıları istismar edib, nəinki Kəlbəcərdən, həm də Qarabağın bütün ərazisindən təbii resursların qanunsuz ixracını həyata keçirib. Ermənistan yataqlardan Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutqun, Mozçay, Qoturlusu mineral müalicəvi suları müxtəlif ölkələrə satıb.
Mütəxəssislər bildirirlər ki, Rio de Janeyro bəyannaməsinə əsasən, müharibələr ətraf mühitə mənfi təsir göstərməməlidir. Ona görə də ölkələr silahlı münaqişələr zamanı ətraf mühiti müdafiə edən beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar. Lakin Ermənistan Qarabağ və Şərqi Zəngəzuru işğal altında saxladığı dövrdə bu tələbləri yerinə yetirməyib, belə bir ekoloji terror yolu ilə nəinki Azərbaycana, hətta bütün bölgəyə ciddi zərər yetirib.
Bu gün ixraca yönəltdiyi “Cermuk”u “qaydalara uyğun istehsal” etdiyini israrla bildirən Ermənistana xatırlatmaq lazımdır ki, hələ 2007-ci ilin martında ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) bu məhsulda kəskin miqdarda zəhərli arsen maddəsi aşkarlamış və məhsulu geri qaytarmışdı. FDA-nın açıqlamasına görə, insanda xərçəng xəstəliyinə gətirib çıxaran arsen sözügedən mineral sularda 500-600 mikroqram səviyyəsindədir ki, bu da 1 litr üçün 10 mikroqram standartını dəfələrlə üstələyir. Ermənistan o vaxt da belə bir dəyərləndirməni danmışdı. “Arzni Mineral Sular” QSC-nin direktoru Armen Mkrtçyan “şirkətin məhsullarında arsen tərkibi Ümumdünya Səhiyyə Təşkilatı standartlarına tamamilə uyğundur”,–deyə bildirmişdi.
Mütəxəssislər bildirirlər ki, arsen də, sirkə turşusu da insan sağlamlığına çox zərərli maddələrdir. Sirkə turşusunun orqanizmə nüfuzu dərhal, arsenin təsiri isə tədricən baş verir, hər ikisi də ölümcüldür. Sirkə turşusundan zəhərlənmə həzm sisteminə, tənəffüs yollarına ciddi ziyan vurur, qanda turşuluq miqdarını ölümcül dərəcədə artırır, dəri və gözlərə yandırıcı təsir göstərir. Kəskin arsen zəhərlənməsinin simptomları isə ürəkbulanma, qusma və ishaldır. Zəhərlənmə böyrəklər, qaraciyər, dəri, ürək-damar və sinir sistemlərini bir neçə gündən bir neçə həftəyədək sıradan çıxarır.
“Cermuk” mineral suyuna zəhərli arsen isə şəlalənin yaxınlığında (cənub-şərqində), Arpaçay-Bazarçay vadisində yerləşən “Amuldağ” qızıl yatağından qarışır. Mütəxəssislər onun bağlanması zərurətini dəfələrlə dilə gətirsələr də, yatağın fəaliyyəti nəticəsində ətraf mühit, eləcə də yeraltı sular arsen və digər zəhərli maddələrlə çirklənir.
“Environmental Protection First” (EPF) Koalisiyası bildirib ki, heç bir ekoloji standartlar gözlənilmədən Ermənistanda Amuldağ (Amulsar) yatağının istismarı yeraltı suları zəhərləyir, ağır metal tərkibli mədən tullantıları İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur.
Bir neçə il əvvəl ABŞ-ın Dərman və Qidaya Nəzarəti üzrə Federal Agentliyi Ermənistandan gətirilən “Cermuk” mineral suyunun tərkibində ağır metal olan arsenin normadan 50 dəfə çox olduğunu müəyyənləşdirmişdi. Bundan sonra həmin mineral suyun satışı ABŞ-da, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə Avropa ölkəsində də qadağan edilmişdi.
Onu da qeyd edək ki, Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını da çirkləndirir. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ (Amulsar) yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir.
V.BAYRAMOV
SİYASƏT
Heydər Əliyev və türk dünyası
Ümummilli lider, görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmləndirilməsində, daxili və xarici siyasətinin formalaşdırılması və həyata keçirilməsində misilsiz rolu olmuşdur. Ulu öndərin müəyyən etdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın xarici ölkələr, xüsusilə türk dövlətləri ilə dostluq və qardaşlıq münasibətləri yeni məcrada uğurla inkişaf etdirilmişdir.
Tarixdən məlumdur ki, müəyyən dövrlərdə türk dövlətləri arasında əlaqələr subyektiv səbəblərdən qırılmışdır. Ələlxüsus da sovet dönəmində müəyyən dövrləri nəzərə almasaq, Türkiyə ilə münasibət, demək olar ki, olmamışdır. Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan ilə münasibətlər isə İttifaq tərkibində sovet respublikaları olduğuna görə saxlanılmışdır.
SSRİ dağıldıqdan sonra Azərbaycan müstəqil türk dövləti kimi dünya ictimaiyyəti tərəfindən tanınsa da, beynəlxalq aləmdə nüfuz qazana bilməmişdi. Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu. Prezident Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı.
Ulu öndərin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. Səfər zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli siyasi, ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutan bir sıra mühüm sənədlər imzalandı. Bütün bunlar Heydər Əliyevin iki ölkə arasında münasibətlərin yeni təməl üzərində qurulmasında və bütövlükdə türk dünyası qarşısında tarixi xidməti idi.
1996-cı il mayın 27-də “Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə”nin, 1997-ci ildə Qırğızıstanla ticarət-iqtisadi əməkdaşlığa dair sazişin, həmin ilin iyun ayında Qazaxıstana rəsmi səfər zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında bəyannamə və Qazaxıstan neftinin beynəlxalq bazarlara daşınmasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə qarşılıqlı faydalı əməkdaşlıq quruldu.
Türkmənistan Respublikası ilə də münasibətlərin möhkəmlənməsinə xüsusi diqqət yetirən Ulu öndər 1994-cü ilin oktyabr ayında bu ölkəyə də rəsmi səfər etdi. Türkmənistan Prezidenti Saparmurad Niyazov da 1996-cı ilin mart ayında Bakıda rəsmi səfərdə oldu. Bu səfərlərin nəticəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra vacib sənədlər imzalandı və mühüm məsələlərə dair ümumi razılaşma əldə olundu. Sonrakı illərdə digər sahələrdə də əlaqələr tənzimləndi və münasibətlərin yeni təməl üzərində inkişafı üçün zəmin yarandı.
Bütün bunlar onu göstərir ki, türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsində Heydər Əliyevin xüsusi tarixi rolu danılmazdır. Heydər Əliyev Azərbaycan Respublikasının türk dövlətləri ilə qarşılıqlı münasibətlərinin çoxtərəfli əsasda (TÜRKSOY, türk xalqlarının dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları, türk dövlət başçılarının zirvə görüşləri) həyata keçirilməsində müstəsna rol oynamış, hərtərəfli əlaqələrin qurulub inkişaf etdirilməsi üçün bütün imkanları səfərbər etmişdir.
Ulu öndərin yorulmaz siyasi fəaliyyəti nəticəsində beynəlxalq diplomatik-siyasi münasibətlərin inkişafında mühüm addımlar atılmış, bu münasibətlər yeni təməl üzərində qurulmuş, ticarət-iqtisadi, elmi-texniki, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə sənədlər imzalanmışdır. Heydər Əliyevin 1998-ci ilin fevral ayında Türkiyəyə səfəri isə dövlətlərarası əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb edirdi.
Həmin ilin sentyabr ayında TRASEKA proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşündə Ulu öndər türk dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmışdır. Hər iki ölkə prezidenti türk dünyası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən bəhs edərək türk dövlətlərinin problemlərini müzakirə etmişlər.
Prezident Heydər Əliyev türk dünyasının möhkəmlənib inkişaf etməsi ilə bağlı qeyd etmişdir: “Bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
“Biz bir millət, iki dövlətik” şüarını rəhbər tutan Ulu öndər türk dövlətləri arasında beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verdiyini öz siyasi fəaliyyəti ilə sübut etmişdir. Dövlətlərarası qarşılıqlı münasibətlərin ən mühüm məsələləri Türkiyə dövlət və hökumət nümayəndə heyətlərinin Azərbaycana səfərləri zamanı geniş müzakirə edilmişdir. Ulu öndər Türkiyə ilə diplomatik-siyasi münasibətlərin möhkəmləndirilməsinə Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi baxmışdır.
Ölkəyə rəhbərlik etdiyi dövrdə daim türk dövlətləri ilə səmimi münasibətlər yaradan, türk dünyası arasında birliyin təmin olunmasına xüsusi önəm verən Ulu öndər Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair yaradılmış beynəlxalq konsorsiumda da Türkiyənin fəal iştirakına çalışırdı. Böyük rəhbər Xəzər dənizinə türk dövlətlərini birləşdirən amil kimi baxır və enerji ehtiyatları sahəsində onların əməkdaşlığını yüksək qiymətləndirirdi. O, hesab edirdi ki, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan–Türkiyə münasibətlərinə bir sıra siyasi üstünlüklər verir. 1998-ci il oktyabrın 29-da Ankarada Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə dair bəyannamənin imzalanması Heydər Əliyevin türk dünyası qarşısında mühüm tarixi xidmətidir.
1999-cu ildə Ümummilli lider Heydər Əliyevə sülh uğrunda apardığı mübarizəyə görə “Beynəlxalq Atatürk Sülh Mükafatı” təqdim olunmuşdur. Ulu öndər özü də dövlətçilik fəaliyyətində türk dünyasının böyük öndəri Atatürkün dövlət quruculuğu təcrübəsinə həmişə yüksək dəyər verir, onun irsinin öyrənilməsi və təbliğini vacib hesab edirdi. Bu məqsədlə də 2001-ci ildə Bakıda Atatürk Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır.
Türk dünyası dövlətləri ilə qurulan beynəlxalq əlaqələrin elmi-nəzəri, tarixi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini daima vurğulayan Ulu öndər türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilat TÜRKSOY-un fəaliyyətinə də xüsusi qayğı göstərmişdir.
Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycan və Türkiyə arasında ədəbi-mədəni əlaqələr də yüksək səviyyədə inkişaf etdirilmişdir.
Hazırda Ulu öndərin bu siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və onun Türk Dünyası Dövlətlərinin birliyi, qardaşlığı və həmrəyliyi uğrunda gərgin və yorulmaz fəaliyyəti öz bəhrəsini verməkdədir. Prezident özü bu barədə Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında bildirmişdir: “Türk dünyası böyük dünyadır. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bugünümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.
Ulu öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı inamla zəfərlərə doğru apardı və indi də aparmaqdadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan–Türkiyə qardaşlığı, Türk dünyasının birliyi, həmrəyliyi ilə bağlı fikirləri möhtərəm cənab Prezidentimiz İlham Əliyevin siyasi fəaliyyətində təsdiqini tapmaqda və bütün sahələrdə öz töhfəsini verməkdədir.
Sultanəli QURBANOV,
YAP Səbail “Ü.Hacıbəyli–68” ərazi təşkilatının sədri
Sabahın HAVA PROQNOZU – 06.05.2024
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib
Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Dövlət Xidməti telekommunikasiya operatorlarından şikayətlərlə bağlı istehlakçılara müraciət edib
Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
Şəkidə qadını avtomobil vuraraq öldürüb
BÜRCLƏR – 06.05.2024
DİN valideynlərə müraciət etdi
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Turan qəsəbəsinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Çolaxlı kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin 85 illik yubileyi qeyd olunub
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Abbas kəndinin sakinləri ilə görüşüb
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə COP29-u müzakirə edib
Ceyhun Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə cari regional vəziyyəti müzakirə edib
Hərbi attaşelər DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycanla Türkiyə arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb
Sabahın HAVA PROQNOZU – 02.05.2024
İctimai iaşə obyektlərinin reytinq sisteminin tətbiqinə başlanılıb
Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər
Azərbaycan Özbəkistanla investisiya sahəsində əməkdaşlığı genişləndirir
Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.05.2024)
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
Bu gündən ibtidai siniflər üçün əlavə yaz tətili başlayır
BÜRCLƏR – 01.05.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlanıb
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Sabahın HAVA PROQNOZU – 01.05.2024
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Azərbaycan və Özbəkistan elektrotexnika, cihazqayırma sahələrində əməkdaşlığı genişləndirir
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib
Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO/FOTOLAR
Elektron resept üçün qeydiyyatdan keçmə qaydaları açıqlanıb – VİDEO
Füzuli şəhərində mərkəzi su anbarları tikilir – VİDEO
Bakıda narkotik vasitə və “Kalaşnikov” aşkar edilib
FHN: “Bayram günlərində 33 nəfər xilas edilib” – VİDEO
Yeni il tətilinin son günündə avtovağzallarda vəziyyət necədir? – VİDEO
Qərbi Azərbaycan Xronikası: Xalisanın etnoqrafiyası – 35 ildən sonra xatırlanan acı faciələr – VİDEO
Təhsil naziri: “Məktəblərdə yeni fənnlər tədris ediləcək” – VİDEO
HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirilib
Zaqatalada çaqqal hücumuna məruz qalan şagirdlərin və kənd sakinlərinin adları açıqlanıb – VİDEO
Heydər Əliyevin anım günüdür – VİDEO
TREND
-
CƏMİYYƏT20 saat
BÜRCLƏR – 06.05.2024
-
CƏMİYYƏT8 saat
Sabahın HAVA PROQNOZU – 06.05.2024
-
CƏMİYYƏT17 saat
Şəkidə qadını avtomobil vuraraq öldürüb
-
XƏBƏRLƏR11 saat
Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
-
CƏMİYYƏT20 saat
DİN valideynlərə müraciət etdi
-
MANŞET10 saat
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
-
XƏBƏRLƏR10 saat
Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib
-
XƏBƏRLƏR10 saat
Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib